Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 17:38:00
“eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib  

“eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkədə təhsil sahəsində müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının hazırda prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Bu sahədə son illər ərzində görülən işlər barədə məlumat verən nazir müavini “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, layihə çərçivəsində azərbaycanlı müəllim və şagirdlər Avropadan olan iştirakçılar ilə təcrübə və fikir mübadiləsi aparmaq, ortaq dərslər keçmək, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək imkanı qazanıblar. Həmçinin layihə iştirakçıları XXI əsr bacarıqlarının artırılması istiqamətində davamlı olaraq keçirilən beynəlxalq səviyyəli təlim, vebinar və müsabiqələrdə iştirak edirlər.

 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “eTwinning” layihəsinin Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. Layihənin uğurlu nəticələrini qeyd edən idarə rəisi əlavə edib ki, layihə üzrə Azərbaycandan indiyədək 2748 müəllimin iştirakı ilə 3160 təhsil layihəsi həyata keçirilib, Azərbaycan 2018-2019-cu tədris ilində, həmçinin cari tədris ilində “eTwinning məktəbi” mükafatı almış məktəblərin sayına görə 41 ölkə arasında 5-ci yer tutub, 2020-ci ildə ölkə üzrə 161 layihə Avropa keyfiyyət nişanına layiq görülüb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ölkədə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisdə müasir yanaşmaların tətbiqi və fənlərin inteqrativ tədrisi baxımından layihənin əhəmiyyətini vurğulayıb.

 

Daha sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova layihə çərçivəsində keçirilən “eTwinning Məktəbi” müsabiqəsi barədə məlumat verib. Qeyd olunub ki, hər il “eTwinning Plus” layihəsinin Avropa mərkəzi tərəfindən layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında “eTwinning Məktəbi” müsabiqəsi keçirilir. Cari tədris ilində müsabiqəyə 41 ölkədən 188 min 280 məktəb qoşulub. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib.

 

Bildirilib ki, qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 2 min 935 məktəb “eTwinning school” adına layiq görülüb və bunlardan 12-si Azərbaycan məktəbidir. Beynəlxalq mükafata layiq görülən məktəblər Bakı, Sumqayıt, Gəncə şəhərləri və İsmayıllı rayonunda yerləşir.

 

Sonda müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə sertifikatlar təqdim olunub. Eyni zamanda, müsabiqə qaliblərinə cari ildə onlayn peşəkar inkişaf proqramlarında və təlimlərdə ödənişsiz iştirak hüququ verilib.