https://www.zirve.edu.az/
28.11.2020 11:15
Abşeronda məktəbin keçmiş gözətçisi direktor müavinini döyüb - VİDEO

Abşeronda məktəb gözətçisi direktor müavini döyərək ona ağır xəsarətlər yetirib. Hadisə bir müddət əvvəl rayonun Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə yaşanıb.

Təhsil ocağında gözətçi işləyən Elşən Ağayevin vaxtlı-vaxtında işə gəlmədiyi üçün vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, o, sözügedən təhsil müəssisəsinə gələrək, pandemiya dövründə fəaliyyətinə qadağa qoyulan idman zalından istifadə etmək üçün məktəbin digər gözətçisi Rəhman Camalovdan və Təsərrüfat İşləri üzrə direktor müavini Soltan Ağayevdən açarları tələb edib. “Yox” cavabı alan Elşən direktor müavini Soltan Ağayevi itələyərək yerə yıxıb və döyüb. Bütün bunlar məktəbin təhlükəsizlik kamerasında anbaan lentə alınıb.

Məktəbin digər gözətçisi Rəhman Camalov deyir ki, Elşən Ağayevin evinə işə gəlmədiyi üçün bir neçə dəfə bildirişlər də göndərilib. Yenə də o, bunlara məhəl qoymayıb. Bununla yanaşı, qeyri-qanuni olaraq pandemiya dövründə idman zalından öz maraqları üçün istifadə etmək istəyib. Rəhbərliyin təlimatına əsasən, ona məktəbin açarları təqdim olunmayıb. Mübahisə də bundan sonra baş verib. Üstündən bir müddət keçməsinə baxmayaraq, Elşən Ağayev təhsil müəssisəsində çalışanlara müxtəlif yollarla təzyiqlər göstərib.

 

Təhsil müəssisəsindən bildirilib ki, şikayətçi olduqları Elşən Ağayevin qardaşı da məktəbdə bağban vəzifəsində çalışıb. O da işə gəlmədiyi üçün bir müddət öncə vəzifəsindən uzaqlaşdırılıb. 

Baku TV məsələdə adı hallanan Elşən Ağayevlə əlaqə saxlayıb. O, haqqında səsləndirilən ifadələrin düzgün olmadığını və məktəbdə gözətçi işlədiyi üçün idman zalından paltarlarını götürmək məqsədi ilə açarları digər həmkarından tələb etdiyini deyib. Nəticədə xoşagəlməz hal yaşanıb.

Qeyd edək ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin rəhbərliyi yaranmış insidentlə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.