Sumqayıtda 36 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin evdən gətirilmiş qənnadı məmulatından zəhərləndiyi iddia edilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, oktyabrın 2-də məktəbdə dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib:
"Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. İlkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".
11:23
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
AzEdu.az "Report"-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, saat 10:20 radələrində 11 oğlan, 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".