Ali təhsil müəssisələrində müəllim seçimi yalnız akademik və peşəkar səriştə ilə deyil, həm də etik və hüquqi meyarlarla bağlı mühüm məsələdir. Xüsusilə barəsində hüquqazidd əməllərlə bağlı araşdırmalar və ya məhkəmə qərarları olan şəxslərin tədris prosesinə cəlb edilməsi universitetlərin məsuliyyəti və akademik mühit baxımından müxtəlif suallar doğurur.
Bəs belə hallarda universitetlər hansı meyarları əsas götürməli və akademik mühitin nüfuzu necə qorunmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, universitetlərdə tədris prosesinə cəlb olunan şəxslərin müəyyənləşdirilməsi yalnız onların peşəkar və akademik bilikləri ilə bağlı məsələ deyil:

“Bu seçim eyni zamanda akademik etika, tələbələrin hüquqları, universitetin nüfuzu və ictimai etimad baxımından da qiymətləndirilməlidir. Xüsusilə barəsində dövlət əmlakının mənimsənilməsi, vəzifədən sui-istifadə və ya digər hüquqazidd əməllərlə bağlı məlumat, ittiham və ya araşdırma olan şəxslərin tədris prosesinə cəlb edilməsi məsələsində onların hüquqi statusunun dəqiq müəyyənləşdirilməsi vacibdir.
Burada mühüm hüquqi prinsip ondan ibarətdir ki, şəxsin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməyənədək həmin şəxs təqsirli hesab edilə bilməz. Buna görə də hər hansı şəxsin cinayət törətmiş şəxs kimi təqdim edilməsi yalnız müvafiq hüquqi əsaslar olduqda mümkündür.
Lakin bununla yanaşı, universitetin həmin şəxsi tədris prosesinə cəlb edib-etməməsi məsələsi yalnız cinayət məsuliyyəti kontekstində qiymətləndirilməməlidir. Ali təhsil müəssisəsinin daxili qaydaları, əmək və akademik etika standartları, maraqlar toqquşmasının qarşısının alınması, universitetin reputasiyası və tələbələrin sağlam təhsil mühitinə dair qanuni gözləntiləri də nəzərə alınmalıdır.
Burada əsas sual belə qoyula bilər: tələbələrin qarşısına müəllim kimi çıxarılan şəxsin peşəkar və etik nümunə təşkil edib-etmədiyini universitet hansı meyarlarla müəyyənləşdirir? Əgər şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddursa, bu faktın universitet tərəfindən müvafiq hüquqi və etik meyarlar əsasında nəzərə alınması ayrıca qiymətləndirilməlidir”.
Bununla belə, universitet öz daxili prosedurları çərçivəsində belə bir vəziyyətin akademik mühitə və institusional nüfuza mümkün təsirlərini qiymətləndirə bilər:
“Tələbə auditoriyada yalnız nəzəri bilik əldə etmir. O, eyni zamanda müəllimin peşəkar davranışını, etik prinsiplərə münasibətini və ictimai məsuliyyət anlayışını da müşahidə edir. Buna görə də müəllim seçimi zamanı elmi və peşəkar səriştə ilə yanaşı, akademik etika və institusional məsuliyyət meyarlarının da nəzərə alınması mühüm əhəmiyyət daşıyır.
Universitet rəhbərliyinin qarşısında bu baxımdan legitim bir sual dayanır: tələbələrə dürüstlük, qanuna hörmət, ictimai məsuliyyət və peşə etikası öyrədilirsə, bu prinsiplərin tədris prosesinə cəlb olunan şəxslərin seçimində hansı meyarlarla təmin edildiyi ictimaiyyətə və tələbələrə izah edilə bilərmi?
Bu sualın səsləndirilməsi hər hansı şəxsin təqsirli elan edilməsi anlamına gəlmir. Əksinə, hüquqi prezumpsiyalara hörmət etməklə yanaşı, universitetin akademik və etik məsuliyyətinin müzakirəyə çıxarılması deməkdir”.