Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero və səfirliyin mədəniyyət attaşesi Aristeo Qonsales Qerrero ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ilə keçirilən görüşdə AzMİU və Meksika səfirliyi arasında mövcud əməkdaşlıq əlaqələri, təhsil və mədəniyyət sahəsində birgə təşəbbüslər, eləcə də yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Görüş zamanı səfir Mariya Viktoriya Romero Kabalyero AzMİU ilə səfirlik arasında formalaşmış əməkdaşlıq təcrübəsini xatırladaraq bu əlaqələrdən məmnunluğunu ifadə edib. Diplomat Azərbaycan və Meksika arasında dostluq münasibətlərinin inkişaf etdiyini, xüsusilə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.
Səfir iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə maraqlı təşəbbüslə çıxış edib. O, Meksikanın qədim mədəni ənənələrindən biri olan traxinera (trajinera) adlı ənənəvi qayığın AzMİU tələbələri tərəfindən layihələndirilməsini və hazırlanmasını təklif edib.
Meksikanın Xoçimilko (Xochimilco) bölgəsinin mədəni simvollarından sayılan traxineralar rəngarəng bəzəkləri və özünəməxsus quruluşu ilə seçilən ənənəvi düz dibli qayıqlardır. Bu qayıqların tarixi bölgənin astek dövrünə gedib çıxan su nəqliyyatı və kanal mədəniyyəti ilə bağlıdır.
Rektor Gülçöhrə Məmmədova səfirin təşəbbüsünü yüksək qiymətləndirərək layihənin həm mədəni, həm də tədris baxımından maraqlı olduğunu bildirib. O, Meksikanın zəngin tarixə və qədim mədəni irsə malik ölkə olduğunu vurğulayıb, Azərbaycanla Meksika arasında mövcud dostluq münasibətlərinin və AzMİU-nun səfirliklə əməkdaşlıq təcrübəsinin belə bir təşəbbüsün reallaşdırılması üçün əlverişli imkanlar yaratdığını qeyd edib.
Rektor bildirib ki, AzMİU-nun elmi-pedaqoji potensialı, tələbələrin yaradıcı bacarıqları və universitetin maddi-texniki imkanları layihənin uğurla həyata keçirilməsinə şərait yaradır. Onun sözlərinə görə, traxineranın layihələndirilməsi və hazırlanması prosesinə memarlıq və dizayn istiqamətləri üzrə təhsil alan tələbələrlə yanaşı, inşaat və mexanika mühəndisliyi üzrə mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur. Bu yanaşma tələbələrə müxtəlif ixtisaslar üzrə biliklərini bir layihədə birləşdirmək, nəzəri biliklərini praktikada tətbiq etmək və komanda şəklində işləmək imkanı verəcək.
Görüşdə layihənin üç mərhələdə həyata keçirilməsi planlaşdırılıb.
Birinci mərhələdə Meksika səfirliyinin nümayəndələri tərəfindən AzMİU-nun müəllim və tələbələri üçün məlumatlandırma sessiyası təşkil ediləcək. Sessiya zamanı traxineranın tarixi, Meksika mədəniyyətində yeri, memarlıq və konstruktiv xüsusiyyətləri barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, tələbələrin bu ənənəvi nəqliyyat vasitəsi ilə yaxından tanış olması üçün traxineranın kiçik ölçülü replikası universitetdə nümayiş etdiriləcək.
İkinci mərhələdə AzMİU tələbələri əldə etdikləri məlumatlar əsasında traxineranın layihələndirilməsinə başlayacaqlar. Memarlıq, dizayn və mühəndislik istiqamətlərinin birgə iştirakı ilə qayığın konstruksiyası, ölçüləri, materialları və bədii tərtibatı işlənəcək, daha sonra hazırlanması həyata keçiriləcək. Hazırlanacaq traxineranın təxminən 3 metr uzunluğunda və 1 metr enində olması planlaşdırılır.
Üçüncü mərhələdə isə tələbələrin layihəsi əsasında hazırlanmış traxineranın Bakının ictimai məkanlarında nümayiş etdirilməsi nəzərdə tutulur. Bununla da paytaxt sakinləri və qonaqları Meksikanın ənənəvi mədəni irsinin maraqlı nümunələrindən biri ilə tanış olmaq imkanı qazanacaqlar.
Görüşdə layihənin Azərbaycan və Meksika arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə həsr olunması da müzakirə edilib. 2027-ci ildə qeyd ediləcək yubiley münasibətilə həyata keçirilməsi nəzərdə tutulan bu təşəbbüsün iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsinə, xalqlar arasında mədəni mübadilənin təşviqinə və gənclərin beynəlxalq layihələrdə iştirakına töhfə verəcəyi gözlənilir.