"Ötən tədris ilində hibrid təhsil modeli 8 məktəbdə tətbiq olunurdusa, yeni tədris ilindən etibarən bu məktəblərin sayı 48-ə çatdırılıb".
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində səsləndirib.
E.Bağırov bildirib ki, son illərdə tətbiq olunan hibrid təhsil modelinin əhatə dairəsi genişləndirilib. Onun sözlərinə görə, müəllim təminatı ilə bağlı baza ehtiyaclarını tam qarşılamaq mümkün olmayan məktəblər rəqəmsal həllərlə və müvafiq avadanlıqlarla təmin edilir.
O qeyd edib ki, həmin məktəblərdə təhsil alan şagirdlər başqa məktəbə getmədən, öz təhsil mühitlərində onlayn, yəni distant təhsilə cəlb olunurlar.
MÜTDA direktoru vurğulayıb ki, bu məktəblərdə dərs deyəcək müəllimlərin seçiminə də xüsusi diqqət yetirilir. Dərslərə mərkəzi məktəblərdən qoşulan və nəticələri ilə seçilən müəllimlər cəlb olunur. Bu məqsədlə əsasən sertifikasiya prosesində 51 baldan yüksək nəticə göstərən müəllimlər seçilir.
E.Bağırovun sözlərinə görə, ötən tədris ilində hibrid təhsil modeli 8 məktəbdə tətbiq olunurdusa, yeni tədris ilindən etibarən bu məktəblərin sayı 48-ə çatdırılıb. Bu model təxminən 1200 şagirdi əhatə edir.
“Bu layihənin unikallığı ondan ibarətdir ki, bir layihə əsasında bir neçə problemi eyni anda həll edir”, - deyə E.Bağırov bildirib. O əlavə edib ki, növbəti illərdə də modelin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.