Alimlər lokal anesteziyanın təsir müddətini saatlardan həftələrə qədər uzada bilən yeni üsul hazırlayıblar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Boston Uşaq Xəstəxanasının tədqiqatçıları dərmanı daha yavaş buraxan mikroskopik lipid daşıyıcıları – liposomlar hazırlayıblar.
Siçanlar üzərində aparılan sınaqlarda yeni formul lokal anesteziyanın təsirini 2-3 həftə davam etdirib. Müqayisə üçün, mövcud lokal anesteziya üsullarının əksəriyyəti təxminən 8-12 saat, bəzi hallarda isə maksimum bir gün təsir göstərir.
Tədqiqatçılar bunun xüsusilə əməliyyatdan sonra uzunmüddətli ağrı nəzarətində istifadə oluna biləcəyini bildirirlər. Araşdırmada preparatın tədricən buraxılması üçün liposomlardan istifadə edilib. Alimlər müəyyənləşdiriblər ki, suda həll olunan bəzi dərmanlar daha axıcı liposomlardan gözləniləndən daha yavaş ayrılır.
Tədqiqatçılar bu üsulu tetrodotoksin adlı güclü maddə ilə sınaqdan keçiriblər. Kirpi balığı və mavi halqalı ahtapotlarda da rast gəlinən bu maddə siçanlarda sinir blokadası yaratmaq üçün istifadə olunub. Sınaqlar zamanı toksiklik müşahidə edilməyib.
Araşdırmanın nəticələri Nature Biomedical Engineering jurnalında dərc olunub. Bununla belə, tetrodotoksinin hazırda insanlar üçün kommersiya məqsədilə istifadə olunan preparat olmadığı vurğulanıb.
Tədqiqatçılar yeni formulun gələcəkdə əməliyyatdan sonrakı ağrıların müalicəsində opioidlərə alternativ kimi istifadə imkanlarını araşdırırlar. Eyni zamanda üsulun xroniki ağrıların müalicəsində tətbiqi də nəzərdən keçirilir.
Alimlərin fikrincə, hazırlanan liposom texnologiyası yalnız lokal anesteziyada deyil, müxtəlif suda həll olunan dərmanların daha uzun müddət ərzində tədricən orqanizmə buraxılmasında da istifadə oluna bilər.