https://www.zirve.edu.az/
21.09.2020 15:18
“Dərsin əhəmiyyətli hissəsi zəif internet səbəbindən havaya sovrulur” –Distant təhsildə problem

 

 

“Orta məktəblərdə distant təhsilin könüllü olması böyük problemdir”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil üzrə jurnalist, "Məktəbəqədər və ibtidai təhsil" jurnalının məsul katibi Böyükağa Mikayıllı deyib.

 

O, distant təhsilin hansı mənfi nəticələrə yol açdığını vurğulayıb:

 

“Əgər şagirdlərin summativ qiymətləndirilmələri virtual olaraq təşkil edilsə, distant dərslərdə iştirak zəruri hala çevrilə bilər. Halbuki, bu gün şagirdləri “Virtual məktəb”ə qoşmaq müəllimlər üçün çətinliklər yaradır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, distant təhsilə beyinləri hazırlamaq lazımdır, şagirdlə yanaşı valideyn də buna hazır olmalıdır. İnternet sürətinin artırılması istiqamətində işlər görülməlidir. Dərsin əhəmiyyətli hissəsi zəif internet səbəbindən havaya sovrulur. Ümumiyyətlə, uşaqları bir yerə toplamaq çox çətin  prosesə çevrilib. Valideyn və sinif rəhbərlərinin məsuliyyətlə yanaşmalarına ciddi ehtiyac var. Təsəvvür edin ki, bəzən müəllim  şagirdlə təkbətək virtual dərs keçmək məcburiyyətində qalır.

 

“Virtual məktəb”də qeydiyyatdan keçərkən telefon nömrələrinə mobil operatorlar tərəfindən internet paketi verilsə, yaxşı olardı. Belə paketinin verilməsi müəyyən qanunauyğunluqlar şəklində nizanmalıdır. Həmin internet paketindən başqa məqsədlər üçün istifadəsi deaktiv edilməlidir. O, yalnız “Virtual məktəb” üçün istifadəyə icazəli olmalıdır. Şagirdin hər dəqiqəsi qızıldır, vaxtı boş yerə sərf etmək olmaz”.

 

Böyükağa Mikayıllı distant təhsildə valideyn və müəllim amilindən söz açıb:

 

 “Əsas məsələ ondan ibarətdir ki, valideyn və müəllimlər məsuliyyətli olmalıdır. Yox əgər bu olmadısa və məsələyə barmaqarası baxıldısa, o zaman burada məqsədə nail olmaq  çətinlik yaradacaq”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları