Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 11:42:00
Arif Rəhimov: “Bakıda “Formula-1”in yeni tarixi üçün məktəbləri nəzərə almalıyıq”

“Avstraliya Qran-Prisi ləğv olunduqdan, futbol üzrə Avropa çempionatı və Olimpiya Oyunları təxirə salındıqdan sonra bizə aydın oldu ki, Azərbaycan Qran-Prisini təşkil etmək çox çətin olacaq. Trası hazırlamaq iki-üç ayadək vaxt aparır. Reklam və digər şeylərə görə biz son anadək gözləyə bilməzdik”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri Arif Rəhimov deyib.

 

O, 5-7 iyun tarixlərində keçirilməli olan “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin təxirə salınmasından növbəti dəfə danışıb:

 

“Biz qərar qəbul etməli idik. İlk planımız bir həftə sonra küçə trasında işlərə başlamaq idi. Həmin həftə biz “Formula-1” rəhbərliyi və Azərbaycan hökuməti ilə çoxlu müzakirələr aparırdıq. Bütün mümkün ssenariləri gözdən keçirdik və sonda qərara gəldik ki, işləri saxlayaq.

 

Hökumətin sərtləşdirilmiş tövsiyəsi səbəbindən bizə aydın oldu ki, Qran-Prini təşkil etmək qeyri-mümkündür. Ona görə də yarışı qeyri-müəyyən müddətə təxirə salmalı olduq. Biz artıq bəzi rezervasiyalar etmişdik. Ancaq onlardan gələn il və ya bu ilin sonundakı yarış üçün istifadə edə bilərik”.

 

Arif Rəhimov yeni tarix barədə isə bunları deyib:

“Biz artıq aprel və iyunda yarış keçirmişik. Amma Bakıda məktəblər kimi çox şeyi hesaba almalıyıq. Hazırda ən əsas şey vaxtı müəyyənləşdirməkdir. Bundan sonra hər şeyi hazır etmək üçün iki-üç ay vaxtımız olacaq.

 

Koronavirusla bağlı vəziyyət aydınlaşana kimi biz yeni tarix barədə danışa bilmərik. Yalnız COVID-19 təhlükəsi aradan qalxdıqdan sonra tarixi müəyyənləşdirə bilərik”.

 

“Yeddi “Formula-1” Qran-Prisinin təxirə salınması yarış təşkilatçılarına ciddi zərbədir. Bəs bu yarışı keçirmək üçün ən çox pul xərcləyən ölkələrdən biri olan Azərbaycanın itkisi nə qədər olacaq?” sualına Arif Rəhimov belə cavab verib:

 

“Formula-1” üçün Qran-Prilərin təxirə salınmasının, təəssüf ki, böyük gəlir itkisi olacağını düşünürəm. Amma bu, fors-major haldır. Bu, bizim nəzarətimizdən kənar bir şeydir. Bu, sadəcə, yerli deyil, qlobal fors-major haldır.

 

Bu cür hallar müqavilənin fors-major bəndində nəzərə alınır. Əlbəttə, yarış baş tutmazsa, bizim hökumətimiz pul itirməyəcək. Fakt budur ki, yarışın keçirilməməsi bizdən asılı deyil.

 

Yarışa hətta sponsor tapmaq bizim üçün qanunsuzdur. Biz hazırda elə vəziyyətdəyik ki, iki ay sonra baş tutacaq yarışa ev sahibliyi etmək üçün hər hansısa hərəkət etməyimiz qadağan olunub”. (oxu.az)