Qarabağ Universiteti regionun inkişafının hərəkətverici qüvvəsidir.
AzEdu.az xəbər verir ki, bunu Qarabağ Universitetinin strategiya, rəqəmsal transformasiya və inkişaf istiqamətinin rəhbəri, CAMCA şəbəkəsinin Azərbaycan üzrə üzvü Anar Cahangirli Bakıda keçirilən "CAMCA 2026" Regional Forumu çərçivəsindəki panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Qarabağ Universiteti regiona həyatın qaytarılması və yeni icmaların formalaşması prosesində mühüm rol oynayır.
A.Cahangirli qeyd edib ki, 2024-cü ilin sentyabrında Qarabağ Universitetinə ilk tələbələr qəbul olub, 2026-cı ildə isə universitet artıq üçüncü tələbə qəbulunu həyata keçirib.
"Hazırda Xankəndidə, Qarabağda 3 300-ə yaxın tələbə təhsil alır", - o bildirib.