https://www.zirve.edu.az/
18.02.2020 12:20
ADNSU-da ixtisaslaşdırılmış auditoriya açılıb
Çap et

Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində akademik Çingiz Cuvarlı adına İxtsaslaşdırılımış auditoriyanın açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı,  "Azərenerji" ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Kamil Qurbanov, Azərbaycan Texniki Universitetinin dosenti Qara Həsənov, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, “CBM ENGİNEERİNG” MMC-nin direktoru Zülfüqar Nurubəyli, prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADNSU-nun elektromexanika kafedrasının dosenti və Ç. Cuvarlının aspirantı İlham Rəhimli Azərbaycan elektrofizika məktəbinin banisi, dünya energetika elminin tanınmış simalarından olan Ç. Cuvarlının həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı  Prezident İlham Əliyevin ADNSU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamından və 100 illik çərçivəsində keçiriləcək tədbirlərdən söz açıb. ADNSU-da görkəmli şəxsiyyətlərin adına auditoriyaların olduğunu vurğulayan rektor  Ç. Cuvarlının adına olan çoxfunksiyalı auditoriyanın həm dərs otağı, həm də laboratoriya kimi bir ilk olduğunu deyib.

Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov yeni açılan auditoriyanın tələbələrin tədris şəraitinin yaxşılaşdırlması, eləcə də görkəmli şəxsiyyətlərə göstərilən  hörmət əlaməti kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib.

İnstitutdan bildirilib ki,  ADNSU-nun rektoru, professor M. Babanlı energetika fakültəsinin təqdimatı əsasında universitetin bakalavriatura və magistratura səviyyələrində təhsil alan və ən yüksək tədris göstəricilərinə sahib 2 tələbəyə Çingiz Cuvarlı adına təqaüdün təqdim olunmasına dair Elmi Şuranın növbəti iclası qarşısında vəsadət qaldırıb. (Azərbaycan müəllimi)