Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlərdən olan Əsmər Mürsəlli və Fidan Heydərova uğurlarının sirri, peşə fəaliyyətləri və gələcək hədəfləri barədə AzEdu.az-a danışıblar.
Onlar sertifikasiyadan 58 bal toplayıblar.
Ə.Mürsəllinin sözlərinə görə, 6 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur:
"2020-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak etdim. 60 mümkün baldan 54 bal toplayaraq respublika üzrə ikinci, İsmayıllı rayonu üzrə isə birinci oldum. 2022 və 2023-cü illərdə beynəlxalq müsabiqələrin qalibi kimi Azərbaycanı təmsil etdim. Artıq 6 ildir müəllim kimi fəaliyyət göstərirəm. Bu müddətdə 80-dən çox şagirdim respublika müsabiqələrinin qalibi olub. Şagirdlərimin uğurlarına görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşam.
2025-ci ildə keçirilən MİQ imtahanında 100 mümkün baldan 92 bal toplayaraq İsmayıllı rayonu üzrə yenidən birinci oldum. Bu il isə sertifikatlaşdırma imtahanında 58 bal toplayaraq təsviri incəsənət fənni üzrə rayon birincisi oldum. Ötən müsahibəmdə də dediyim kimi, ümid sonda ölür, daim irəli. Həyatımı palitra kimi təsəvvür edirəm və hər il ona yeni rənglər əlavə etməyə çalışıram".
İngilis dili müəllimi Fidan Heydərova isə uğurun təsadüfi olmadığını bildirib:
"Mənim üçün uğur heç vaxt təsadüf olmayıb. O, zəhmətin, səbrin və inamın nəticəsidir. 2015-ci ildə İsmayıllı Rayon 3 nömrəli məktəb-liseyini qızıl medalla bitirmiş, qəbul imtahanında 660 bal toplamışam. Müəllimliyə olan sevgim məni bu peşəni seçməyə vadar edib. Azərbaycan Dillər Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişəm. Ötən il MİQ imtahanında 94,5, bu il isə sertifikatlaşdırma imtahanında 58 bal toplayaraq yüksək nəticəmi qorudum.
Hazırda Xırdalan şəhər 11 nömrəli tam orta məktəbində ingilis dili müəllimi kimi çalışıram. Eyni zamanda Gənc Xarici Dil Müəllimləri Birliyinin koordinatoru, buraxılış, MİQ və sertifikasiya vəsaitlərinin rəyçisiyəm. Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII və IX qrant layihələrinin qalibi olmuşam. COP29 sessiyasında iştirak etmiş, UNESCO və UNICEF tərəfindən sertifikatlarla təltif olunmuşam. Mənim üçün hər uğur daha böyük məqsədlərə aparan yeni başlanğıcdır".