Azedu.az

LDU-da “Məzun günü” keçirilib

Ali təhsil

3 İyul 2026, 13:11
LDU-da “Məzun günü” keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

AzEdu.az xəbər verir ki, məzunlara ilk təbrik LDU-nun rektoru professor Natiq İbrahimovdan gəlib. Rektor məzunları LDU-nun professor-müəllim heyəti adından təbrik edərək gələcək həyat yollarında uğurlar arzulayıb. Bildirib ki, bu il LDU-da 1230 bakalavr, 147 magistr olmaqla 1377 nəfər məzun olur. Son 9 ildə tələbələrin sayının 3 dəfədən çox artdığını deyən rektor qeyd edib ki, bu müddət ərzində universitetin maddi-texniki  bazası tam yenilənib, müasir tələblərə cavab verən 3 tədris korpusu inşa olunub, modern avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası istifadəyə verilib. Rektorun növbəti tədris ili üçün daha 2 tədris korpusunun inşasına başlanılacağı xəbəri alqışlarla qarşılanıb. LDU-nun beynəlxalq reytinqlərdə qazandığı uğurlardan danışan professor Natiq İbrahimov müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlara Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutmağı, onlara bəslənilən etimadı layiqincə doğrultmağı tövsiyə edib.

Məzun günündə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Universitetinin İctimai Şurasının sədri, Respublikanın Əməkdar müəllimi Mənsur Ağayev, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Lənkəran-Astara Regional Filialının direktoru, LDU Məzunlar birliyinin rəhbəri Uğur Qurbanzadə, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov, valideyn Talıb Fərzəliyev, məzun Günel Əliyeva məzunlara xoş arzularını bildiriblər.

Tədbirdə təhsildə fərqlənən və universiteti müvəffəqiyyətlə bitirmiş məzunların və LDU-nun təhsil və ictimai həyatında fəal iştirak etmiş tələbələrin bir qrupuna fəxri-fərman və xatirə hədiyyələri təqdim edilib. 

Məzun günü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı, şux rəqslərlə yekunlaşıb.

Unudulmaz tələbəlik illərinin son akkordları, təsirli anları xatirə şəkillərində əbədiləşdirilib.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox