"Müəllimlərin 90 faizə yaxını sertifikasiyada uğur qazanıb".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, son beş ildə təhsil sistemində müəllim heyətinin əhəmiyyətli dərəcədə yenilənməsi baş verib.
Onun sözlərinə görə, hazırda sistemdə çalışan təxminən hər beş müəllimdən biri son beş il ərzində işə qəbul olunan müəllimdir və bu proses davam edir.
Emin Əmrullayev qeyd edib ki, 2022- 2026-cı illərdə sertifikatlaşdırmada iştirak edən 104 435 müəllimdən 91 408 nəfəri prosesi uğurla başa vurub.
Nazirin sözlərinə görə, 60 818 müəllim sertifikatlaşdırmanın nəticələrinə əsasən əməkhaqqına 10 faiz, 30 590 müəllim isə 35 faiz əlavə almaq hüququ qazanıb. Beləliklə, sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərin təxminən 90 faizi uğurlu nəticə göstərib.
"Başqa sözlə desək, 10 müəllimdən 9-u uğur qazanıb, yalnız 1-i uğur əldə edə bilməyib",- deyə nazir vurğulayıb.
Emin Əmrullayev əlavə edib ki, 9 334 nəfərin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.
Nazir statistik rəqəmlər arasında bəzən müşahidə olunan fərqlərə də aydınlıq gətirib. O bildirib ki, bəzi müəllimlər sertifikatlaşdırmada iki dəfə iştirak etdiyinə görə müxtəlif statistik göstəricilər üzrə ümumi rəqəmlərdə fərqlər yarana bilir. Buna görə də ayrı-ayrı cəmlərdə görünən uyğunsuzluqlar məhz bu amillə bağlıdır.