"Sertifikatlaşdırma nəticələrinə uyğun olaraq əməkhaqqı artımında hüquqi tənzimləmələr mövcuddur".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinin suallarını cavablandırarkən sertifikatlaşdırma islahatının nəticələrinə həsr olunmuş sual-cavab sessiyasında deyib.
Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən, sertifikatlaşdırmanın birinci mərhələsində 51 və daha yuxarı bal toplayan müəllimlərin əməkhaqqısına 35 faiz artım tətbiq edilir.
Onun sözlərinə görə, növbəti mərhələlərdə 50 bal nəticə göstərən müəllimlər üçün isə qanunvericiliyə uyğun olaraq əməkhaqqı artımı 10 faiz təşkil edir.
Emin Əmrullayev qeyd edib ki, nazirlik birinci mərhələ yekunlaşdıqdan sonra prosesin nəticələrini təhlil edərək gələcək tənzimləmələrlə bağlı müvəqqəti qiymətləndirmə aparmağı planlaşdırır.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən, sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyən və ya aşağı nəticə göstərən müəllimlərə ümumilikdə üç dəfə imtahanda iştirak etmək hüququ verilir.
Nazir əlavə edib ki, praktikada yüksək nəticə göstərən müəllimlərin imtahanlarda təkrar iştirak sayının adətən iki dəfədən çox olmayacağı gözlənilir.
Emin Əmrullayev vurğulayıb ki, nazirliyin əsas məqsədi müəllimləri davamlı imtahan prosesinə cəlb etmək deyil, bu mexanizmi həm dövlət, həm də müəllimlər üçün balanslı şəkildə idarə etməkdir.
Nazir həmçinin qeyd edib ki, sertifikatlaşdırma islahatı bəzi hallarda peşəkar tələblərə cavab verməyən kadrların sistemdən kənarlaşdırılmasına şərait yaradır və bu, peşəkar müəllimlərin motivasiyasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, islahatın əsas məqsədi dövlətin təhsil siyasəti ilə müəllimlərin peşəkar inkişaf maraqlarını uzlaşdırmaq, onların fəaliyyətini həm peşəkar, həm də motivasiyalı şəkildə davam etdirməsinə şərait yaratmaqdır.