Böyük Britaniyada məşhur rus cizgi filmi “Maşa və Ayı”nın yayımına qadağa qoyulması ilə bağlı təşəbbüslər müzakirələrə səbəb olub.
AzEdu.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Məlumata görə, bir qrup britaniyalı deputat ölkənin mədəniyyət naziri Liza Nəndiyə müraciət edərək cizgi filmində sovet simvolikasının təbliğ olunduğunu iddia edib və onun yayımının məhdudlaşdırılmasını tələb edib.
Bildirilir ki, parlamentarilər iddialarını əsaslandırmaq üçün cizgi filminin bəzi epizodlarında baş qəhrəman Maşanın sovet dövrünə aid sərhədçi papağı və forma geyinməsini göstəriblər. Onlar bunu mümkün ideoloji təbliğat kimi qiymətləndiriblər.
Qeyd olunur ki, bu təşəbbüs beynəlxalq ictimaiyyət və ekspertlər arasında narazılıq doğurub. Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen öz “X” hesabında bu addımı tənqid edərək Britaniyada getdikcə daha sərt və rusofob mühitin formalaşdığını bildirib.
Məlumata əsasən, Diesen “Artıq cizgi filmlərinin belə qadağan edildiyi bir mühit yaranıb” ifadəsini işlədib.
Bildirilir ki, “The Spectator” nəşrinin jurnalisti Mark Qaleotti də bu təşəbbüsü ksenofobik və absurd addım kimi qiymətləndirib və bunun Qərbdə “yeni dəmir pərdə” yaratmaq cəhdlərinə bənzədiyini qeyd edib.
Qeyd olunur ki, Böyük Britaniya hökuməti hələlik deputatların bu müraciətinə dair rəsmi mövqe bildirməyib.