"Universitet 100 mindən çox yüksəkixtisaslı mütəxəssis hazırlayıb".
AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova AzMİU-da keçirilən Məzun Günü tədbirində çıxışı zamanı səsləndirib.
Rektor bildirib ki, universitet ötən il 50 illik yubileyini qeyd edib, bu il isə artıq 51-ci məzun buraxılışını həyata keçirir. Onun sözlərinə görə, universitet fəaliyyət göstərdiyi müddətdə ölkənin memarlıq, inşaat və mühəndislik sahələrinin inkişafına mühüm töhfələr verib.
Gülçöhrə Məmmədova qeyd edib ki, universitet 100 mindən çox yüksəkixtisaslı mütəxəssis hazırlayıb. Bu məzunlar memarlıq, inşaat, yol-nəqliyyat, su təsərrüfatı, mühəndis sistemləri və digər istiqamətlərdə ölkənin inkişafında fəal rol oynayıblar.
Rektorun sözlərinə görə, bu gün Azərbaycanın şəhər və rayonlarında inşa olunan yaşayış və ictimai binaların, yolların, körpülərin və digər mühəndis qurğularının ərsəyə gəlməsində AzMİU məzunlarının əməyi aydın şəkildə görünür.