Azedu.az

Abituriyentlər üçün VACİB siyahı: I və IV qruplarda gələcəyin İXTİSASLARI

Ali təhsil

3 İyul 2026, 10:25
Abituriyentlər üçün VACİB siyahı: I və IV qruplarda gələcəyin İXTİSASLARI

“Hesab edirəm ki, əmək bazarının müasir tələblərinə əsasən I ixtisas qrupunda informasiya texnologiyaları və mühəndislik, IV ixtisas qrupunda isə biotexnologiya və səhiyyə menecmenti ən perspektivli sahələr hesab oluna bilər”.

AzEdu.az-a bu sözləri fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib.

Magistratura bütün ixtisaslar üçün önəmli pillədir
 

İlqar Orucov I ixtisas qrupunda gələcəyin perspektivli sahələri hesab olunan ixtisasları qeyd edib:

"I ixtisas qrupunda rəqəmsaltexnoloji sahələrə üstünlük verilməsi doğru seçimdir. Çünki bu qrupda ənənəvi mühəndislik sahələri sürətlə öz yerini rəqəmsal və fənlərarası ixtisaslara verir. Məsələn, süni intellekt və data analitikası ixtisası biznes proseslərinin avtomatlaşdırılmasında mühüm rol oynayır və bu sahə üzrə mütəxəssislərə tələbatın yüksək sürətlə artdığını göstərir. Digər tərəfdən, rəqəmsallaşan dünyada dövlət və özəl sektorun məlumat təhlükəsizliyinin qorunması böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də kibertəhlükəsizlik ixtisası gələcəyin ən perspektivli istiqamətlərindən biri hesab olunur.

Bundan başqa, proqram mühəndisliyi İT ixtisasları proqram təminatının hazırlanması, mobil tətbiqlər və bulud texnologiyaları sahəsində qlobal miqyasda ən sürətlə inkişaf edən və yüksək gəlirli istiqamətlərdən biri kimi özünü təsdiq edir. Həmçinin, bərpa olunan enerji mühəndisliyi ixtisasının yeni nəsil mühəndislik sahələri arasında mühüm əhəmiyyət daşıdığını düşünürəm. Yaşıl enerji keçidi, ümumilikdə isə qalıq yanacaqlardan imtina edilərək alternativ enerji mənbələrinə yönəlmə bu sahədə ciddi kadr ehtiyacını artırır. Bu da həmin ixtisasın aktuallığını daha da yüksəldir.

Eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi logistika və təchizat zəncirinin idarə edilməsi ixtisasının yerli əmək bazarında əhəmiyyətini xeyli artırır. Qeyd etdiyim ixtisasların hər biri gələcəyin perspektivli sahələri hesab olunur".

IV ixtisas qrupu artıq yalnız klassik həkimlik sahələrindən ibarət deyil:

"IV ixtisas qrupunda sağlamlıq və gələcəyin tibbi aspektləri baxımından ixtisasları təsnifatlaşdırardım. Bu qrup artıq yalnız klassik həkimlik sahələrindən ibarət deyil. Burada texnologiya ilə biologiyanın sintezi ön plana çıxır və ümumilikdə gələcəyin ixtisasları daha çox fənlərarası əlaqələr fonunda formalaşır.

Hesab edirəm ki, IV ixtisas qrupunda biotexnologiya gen mühəndisliyi ixtisası dərman sənayesi, kənd təsərrüfatıgenetik tədqiqatlar sahəsində qlobal gələcəyi formalaşdıran əsas istiqamətlərdən biri olacaq. Eyni zamanda, tibb müəssisələrinin müasir standartlarla idarə olunması və tibbi məlumatların analizi üçün səhiyyə menecmenti və tibbi statistika ixtisasları üzrə də ciddi kadr ehtiyacı yaranacaq.

Müasir dövrdə stress faktorunun artması və korporativ mühitdə psixoloji sağlamlığa verilən önəm psixologiya və psixoterapiya ixtisaslarını ən sürətlə inkişaf edən sahələrdən birinə çevirir. Bununla yanaşı, tibbi preparatların yaradılması və istehsalı sahəsini həm elmi, həm də kommersiya baxımından dəyərləndirmək üçün əczaçılıq mühəndisliyi ixtisasına gənclərin meyil göstərməsi məqsədəuyğun hesab olunur".

Abituriyentlərin topladığı bal ixtisası deyil, sadəcə onların hansı universitetdə oxuyacağını müəyyən etməlidir:

"İxtisas seçimində abituriyentlərin tərəddüdlərini aradan qaldırmaq üçün, məncə, tövsiyələrə ehtiyac var. Abituriyentlər yalnız bala görə seçim etməməlidirlər. Topladıqları bal ixtisası deyil, sadəcə hansı universitetdə oxuyacaqlarını müəyyən etməlidir. Maraq dairələrinə uyğun olmayan sahələrə yönəldikdə bu, gələcəkdə uğursuzluqlara səbəb ola bilər. Digər tərəfdən, hesab edirəm ki, abituriyentlər seçəcəkləri ixtisasın xaricdə akkreditasiyasının olub-olmadığını, ikili diplom proqramlarını mütləq şəkildə yoxlamalı və transfer imkanlarını araşdırmalıdırlar".

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox