Azedu.az

Xarici dil öyrənmək beynin yaşlanmasını 13 ilə qədər ləngidə bilər

Araşdırma

6 İyul 2026, 12:26
Xarici dil öyrənmək beynin yaşlanmasını 13 ilə qədər ləngidə bilər

Barselonada keçirilən Avropa Neyroelmlər Cəmiyyətləri Federasiyasının konqresində təqdim olunan yeni araşdırma göstərib ki, bir neçə xarici dil bilmək beynin yaşlanmasını əhəmiyyətli dərəcədə ləngidə bilər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlərin birgə apardığı tədqiqat çərçivəsində çoxdilliliyin geniş yayıldığı Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti süni intellekt texnologiyası vasitəsilə təhlil edilib.

Araşdırmanın nəticələrinə görə, iki dildə danışan şəxslərin beyni yalnız bir dil bilənlərlə müqayisədə orta hesabla 6 il daha gənc görünür. Üç dil bilənlərdə bu fərq 7 ilə yüksəlir, dörd və daha çox dil bilənlərin beyni isə yaşıdları ilə müqayisədə təxminən 13 il daha gənc xüsusiyyətlər nümayiş etdirir.

Mütəxəssislər bildirirlər ki, yaş artdıqca beyində sinir hüceyrələri arasındakı əlaqələr zəifləyir və bu, yaddaşın zəifləməsinə, eləcə də düşünmə sürətinin azalmasına səbəb olur. Dil öyrənmə prosesi isə bu əlaqələrin qorunmasına kömək edərək beynin idrak ehtiyatını artırır.

Araşdırmanın müəlliflərindən Dr. Lucia Amoruso qeyd edib ki, nəticələr təkcə bilinən dillərin sayı ilə bağlı deyil. Onun sözlərinə görə, öyrənilən dildə yüksək səviyyədə bilik və ikinci dili erkən yaşlardan mənimsəmək də beynin gənc qalmasına müsbət təsir göstərən əsas amillər sırasındadır.

Araşdırmanı şərh edən Afina Milli və Kapodistrian Universitetinin neyroalimlərindən professor Christina Dalla məktəb yaşından başlayaraq ömürboyu dil təhsilinin təşviq edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dil öyrənmək hər yaşda beyin sağlamlığını qorumaq üçün təsirli üsullardan biridir.

Bununla yanaşı, Loughborough Universitetinin bioloji psixologiya professoru Eef Hogervorst nəticələrin ehtiyatla qiymətləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, bir neçə dil bilən insanlar adətən müntəzəm mütaliə edir, ömürboyu öyrənməyə davam edir və musiqi alətlərində ifa kimi beyni aktiv saxlayan digər fəaliyyətlərlə də məşğul olurlar. Buna görə də müşahidə olunan müsbət nəticələrə sağlam həyat tərzi amilləri də təsir göstərə bilər.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox