Azedu.az

II qrupların “qorxulu” fənni bəlli oldu - Abituriyentlər eyni fikirdədir

Dövlət İmtahan Mərkəzi

5 İyul 2026, 16:48
II qrupların “qorxulu” fənni bəlli oldu - Abituriyentlər eyni fikirdədir

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

Abituriyentlərin təəssüratlarını öyrənmək üçün AzEdu.az Təhsil Portalı olaraq Tahir Həsənov adına 35 nömrəli məktəbə yollandıq.

Muradxanlı kənd tam orta məktəbinin məzunu Ramil Hacıyev qeyd edib ki, riyaziyyat sualları mürəkkəb idi, digər fənlər isə proqramdan kənara çıxmamışdı:

“İkinci ixtisas qrupu üzrə imtahan verdiyini deyən abituriyent bildirib ki, imtahan əvvəlki cəhdlə müqayisədə daha çətin olub.

Ən çox çətinliyi riyaziyyat fənnində yaşadım. Riyaziyyat sualları daha mürəkkəb idi. Xüsusilə inteqralla bağlı tapşırıqlar gözlədiyimizdən çətin idi. Tarix və coğrafiya isə normal idi, bütün suallar proqram çərçivəsində salınmışdı. Dərslikdən kənar mövzu yox idi, sadəcə riyaziyyat sualları daha çətin formada hazırlanmışdı. Buraxılış imtahanından 175,4, ilk qəbul imtahanından isə 231,2 bal toplamışam. Bu dəfə isə nəticəmin təxminən 200-210 bal aralığında olacağını gözləyirəm.

Gələcəkdə Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi ixtisasına qəbul olmaq istəyirəm”.

62 nömrəli tam orta məktəbin məzunu Rahid Məmmədov bildirib ki, oxuyan üçün normal imtahandır, uğur qazanmaq mümkündür:

“Ümumilikdə gözlədiyim səviyyədə olub. Coğrafiya fənni daha asan, riyaziyyat orta çətinlikdə, tarix isə nisbətən mürəkkəb təsir bağışladı.

Tarixdən əsasən zəif bildiyim mövzular düşmüşdü. Müasir dövrü daha yaxşı bilirdim, amma imtahanda qədim dövrə aid suallar çoxluq təşkil etdiyi üçün həmin fəndə çətinlik yaşadım.

Bugünkü imtahan ilk qəbul imtahanı ilə müqayisədə daha çətin keçib. Bununla belə, nəticəmdən razı qalacağımı düşünür və təxminən 200 bal toplayacağımı gözləyirəm.

Buraxılış imtahanında 180, ilk qəbul imtahanında isə 160 bal toplamışam.

İlk imtahanda coğrafiya fənnindən gözlənilməz səhvlərə yol verdiyim üçün aşağı nəticə göstərsəm də, bu dəfə həmin fəndən daha uğurlu çıxış etdiyimə inanıram.

Qəbul imtahanında uğur qazanmaq üçün əsas şərt sistemli hazırlaşmaqdır.

Oxuyan üçün normal imtahandır, oxumayan üçün isə təbii ki, çətin görünür. Yaxşı hazırlaşan hər bir abituriyent yüksək nəticə əldə edə bilər”.

267 nömrəli tam orta məktəbin məzunu Məsimli Dəniz söyləyib ki, tarix və coğrafiyanı rahat yazıb, riyaziyyatda isə çətinlik çəkib:

“İmtahan verən abituriyent bildirib ki, əvvəlki imtahanda yüksək nəticə əldə etdiyi üçün bu mərhələyə o qədər də intensiv hazırlaşmayıb. İmtahanın ümumilikdə normal keçdiyini düşünürəm.

Buraxılış imtahanından 246, qəbul imtahanının birinci mərhələsindən isə 318 bal toplamışdım. Bu dəfə o qədər də hazırlaşmadığım üçün nəticəmin əvvəlkindən aşağı olacağını düşünürəm. Təxminən 200 bal gözləyirəm. Tarix və coğrafiya fənlərində sualları rahat cavablandırsam da, riyaziyyat fənni daha çətin oldu.

Tarix və coğrafiyanı yaza bildim. Riyaziyyatda isə bir qədər çətinlik çəkdim. Xüsusilə inteqralla bağlı tapşırıqlar mənə mürəkkəb gəldi. Maliyyə fakültəsində təhsil almağı hədəfləyirəm”.

213 nömrəli məktəb-liseyin məzunu Məmmədov Əbdülxaliq qeyd edib ki, riyaziyyatda inteqral və loqarifm sualları daha çətin idi:

“Bugünkü imtahan əvvəlki qəbul mərhələsi ilə müqayisədə daha çətin olub.

Xüsusilə riyaziyyat və tarix fənləri daha çox düşündürücü idi.

Riyaziyyatda keçən dəfəyə nisbətən çətinlik var idi. Tarix də nisbətən çətin gəldi. Coğrafiyada situasiya tapşırığı, xüsusilə çaylarla bağlı hissə bir qədər qəliz idi. Digər suallar isə normal səviyyədə idi.

Riyaziyyat fənnində ən çox inteqral və loqarifm mövzularına aid tapşırıqlarda çətinlik yaşadım.

İnteqral və loqarifm sualları daha mürəkkəb idi. Situasiya tapşırıqları isə tam asan olmasa da, orta səviyyədə hazırlaşan abituriyentlərin cavablandıra biləcəyi formada idi.

Buraxılış imtahanında 187,5, qəbul imtahanının birinci mərhələsindən isə 229,7 bal toplamışam.

Qarabağ Universitetinin Logistika ixtisasında təhsil almaq istəyirəm.

Seçimimdə universitetin yataqxana şəraiti və tələbələr üçün yaradılan imkanlar mühüm rol oynayır”.

271 nömrəli tam orta məktəbin məzunu Safıyeva Gültəkin söyləyib ki, oxuyan hər bir abituriyent bu sualları cavablandıra bilərdi:

“İmtahan ümumilikdə rahat keçsə də, riyaziyyat fənni digər fənlərlə müqayisədə daha çətin olub. Coğrafiya fənnində isə situasiya tipli suallar bir qədər çaşdırıcı idi.

Riyaziyyat daha çətin idi. Coğrafiya isə məncə birinci qəbul imtahanına nisbətən daha asan idi. Sadəcə situasiya suallarında bir qədər çaşdırıcı məqamlar var idi.

Bugünkü imtahan ilk qəbul mərhələsi ilə müqayisədə nisbətən çətin olsa da, yaxşı hazırlaşan abituriyentlər üçün ciddi problem yaratmadığını düşünürəm.

Oxuyan hər bir abituriyent bu sualları cavablandıra bilərdi. Buraxılış imtahanında 200, qəbul imtahanının birinci mərhələsindən isə 209,5 bal toplamışam. Bugünkü imtahandan təxminən 250 bal gözləyirəm.

Gələcəkdə UNEC-in Beynəlxalq ticarət və logistika ixtisasında təhsil almaq istəyirəm”.

72 nömrəli tam orta məktəbin məzunu Paşayeva Tamara qeyd edib ki, riyaziyyatda silsilə və triqonometriya sualları daha çətin idi:

“İkinci ixtisas qrupu üzrə imtahan verən abituriyent bildirib ki, builki imtahan ilk qəbul mərhələsi ilə müqayisədə bir qədər çətin olub.

Ən çox çətinliyi riyaziyyat fənninin qapalı testlərində yaşadım.

Riyaziyyatda xüsusilə silsilə və triqonometriya mövzularına aid suallar mənə daha çətin gəldi. Loqarifm tapşırıqlarında da müəyyən çətinlik var idi. İnteqral isə məncə rahat idi.

Tarix fənnini isə orta səviyyədə yazdım. İmtahanın ümumi çətinlik səviyyəsi normal idi.

İmtahan ümumilikdə normal idi, qəbul imtahanı səviyyəsinə uyğun hazırlanmışdı.

Buraxılış imtahanında 176, qəbul imtahanının birinci mərhələsində isə 109 bal toplamışam.

İmtahanda nəticəmi artıracağımı düşünürəm, təxminən 150-200 bal aralığında olacağını gözləyirəm.

UNEC-in menecment və ya mühasibatlıq ixtisası üzrə təhsil almağı hədəfləyirəm.

Xüsusilə coğrafiyada xəritələrlə, tarixdə isə döyüşlər, islahatlar və vergi növləri ilə bağlı mövzulara daha çox diqqət yetirmək faydalıdır”.

Ümumilikdə 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı abituriyentlərin açıqlamalarına əsasən daha çox riyaziyyat fənni üzərində formalaşan çətinliklərlə yadda qalıb.

Müsahibələrdən görünür ki, imtahanın əsas fərqləndirici və nəticəyə birbaşa təsir edən hissəsi məhz riyaziyyat olub. Xüsusilə inteqral, loqarifm, triqonometriya, limit, silsilə və müxtəlif situasiya tipli tapşırıqlar abituriyentlər tərəfindən daha mürəkkəb və vaxt aparan suallar kimi qiymətləndirilib.

Bunun əksinə olaraq, tarix və coğrafiya fənləri ümumilikdə daha stabil və proqram çərçivəsində təqdim olunub.

Abituriyentlərin böyük hissəsi bu iki fənni gözlənilən səviyyədə hesab edir, yalnız bəzi hallarda coğrafiyada situasiya suallarının çaşdırıcı olduğu qeyd edilir.

Tarixdə isə əsas çətinliklər daha çox mövzu biliklərinin fərqliliyi ilə bağlı olub. Xüsusilə qədim və müasir dövr mövzularının nisbəti bəzi iştirakçılar üçün müəyyən çətinlik yaradıb.

İmtahan nəticələri və gözləntilərə dair açıqlamalar isə onu göstərir ki, abituriyentlər arasında hazırlıq səviyyəsi və özünüqiymətləndirmə fərqli olub.

Bir qrup abituriyent yüksək nəticə və əvvəlki mərhələlərə yaxın göstəricilər gözlədiyi halda, digərləri daha orta bal aralığında nəticə əldə edəcəklərini ehtimal edir. Bu fərqlilik həm hazırlıq intensivliyi, həm də riyaziyyat fənnindəki fərdi bacarıqlarla əlaqələndirilir.

Nəticə etibarilə, 2-ci ixtisas qrupu üzrə imtahanın ümumi xarakterini müəyyən edən əsas amil riyaziyyat fənninin çətinlik səviyyəsi olub. Digər fənlər nisbətən sabit və proqnozlaşdırılan səviyyədə qaldığı halda, məhz riyaziyyat blokunun mürəkkəbliyi ümumi nəticələrin formalaşmasında həlledici rol oynayıb. Buna görə də ümumi nəticələrin abituriyentlərin riyaziyyat hazırlıq səviyyəsindən birbaşa asılı olacağı qənaəti formalaşır.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox