Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 12:26:00
Sertifikasiyadan keçməyənin əmək müqaviləsi ləğv edilə bilər – Yalnız bu halda

 AzEdu.az mütəmadi olaraq müəllim, direktor və valideynləri maraqlandıran məsələlərin qanunvericilik tərəflərini işıqlandırmaqda davam edir. Son vaxtlar müəllimlərin sertifikasiyası xeyli müzakirə olunur. Sertifikasiyanın şərtləri, kimlərə şamil olunacağı, həmçinin sertifikasiyadan keçməyənlərin  aqibəti çoxlarına maraqlıdır.

 AzEdu.az məlumat verir ki, sertifikasiyadan keçməyənlərin aqibəti çoxlarına maraqlı olsa da, əslində bu məsələyə Əmək Məcəlləsində aydınlıq gətirilib.  Məcəllənin  67-ci maddəsinin 2-ci bəndi dövlət ümumtəhsil müəssisələrində işləyən  müəllimlərin sertifikatlaşdırılmasından bəhs edir. Maddəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində işləyənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Təhsil haqqında” Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

Sertifikasiyadan keçməyənlər barədə isə Məcəllədə bunlar qeyd olunub:

““Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər”.

Yəni, sertifikasiyadan keçməyən müəllimə təkrar şans verilir. Amma təkrar sertifikasiyadan keçməyənin əmək müqaviləsi ləğv edilə bilər. 70-ci maddənin C bəndi isə aşağıdakıları nəzərdə tutur:

“…-Peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə…”

Yəni, sertifikasiyadan təkrar keçməyən müəllimin kifayət qədər peşəkarlığının olmaması əmək müqaviləsinin ləğvi üçün əsas sayıla bilər.

Qeyd edək ki, Məcəlləyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınların, həmçinin uşağını təkbaşına böyüdən kişilərin sertifikatlaşdırılması keçirilməyəcək.

İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilməyəcəklər.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları