https://www.zirve.edu.az/
03.02.2020 16:04
Tələbələrin qeyri-adi ideyaları – Bitkiləri xilas edən, biznesi gücləndirən startaplar

 “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Startap və İnnovasiya Mərkəzi olan “Eazi-Start” 2015-ci ilin sonlarında yaradılıb, 2016-cı ilin yanvarında isə ilk təlimlərinə başlayıb”.

 Bu sözləri AzEdu.az-a açıqlamasında ADNSU-nun startap layihələri üzrə kordinatoru Elvir İsmayıl deyib.

O, ADNSU-da həyata keçirilən startap layihələrindən söz açıb:

“Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi, tələbələrlə işlərin aparılması üçün tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak edib. 2016-cı ilin iyununda keçirilən ilk startap festivalında auditoriyaya 15 ideya və layihə təqdim edilib. 2017-ci ilin iyunundakı ikinci startap festivalında isə artıq prototip şəklində 20-dən çox layihə səhnədə və stendlərdə nümayiş olunub.

2018-ci ildə üçüncü startap festivalında 15-dən çox layihə  təqdim edilib. 2019-cu ildə dördüncü startap festivalında 15-dən çox layihə  nümayiş edilib. 2017-2018-ci illərdə ümumilikdə 4 layihə Kiyevdə “Sikorski Çellenc” festivalında iştirak edib, Ukrayna, Çin, İsrail investorları ilə ilkin danışıqlar aparılıb. Eyni zamanda daha bir layihə – “Ağıllı klaviatura” İKT Fondunun nümayəndə heyətinin 2018-ci il noyabr ayında İsveçrəyə səfəri zamanı nümayiş etdirilib. 2018-ci ildə “Microsoft” şirkətinin həyata keçirdiyi “Imagine Cup” innovasiya və startap müsabiqəsində ADNSU startap mərkəzinin rezidenti olan 5 layihə iştirak edib. Müsabiqənin Azərbaycan üzrə finalında iştirak edən layihələrimiz isə müvafiq olaraq birinci, ikinci və üçüncü yerin sahibi kimi müsabiqənin ölkə üzrə qalibləri olublar”. 

ADNSU-nun  Kompüter Elmləri fakültəsinin 4-cü kurs tələbəsi Leyla TalıbovaHealwith” layihəsi ilə startap qalibi olub.

O, layihənin əsas məqamları haqqında fikirlərini bildirib:

“Healwith”-Bitkilərdəki xəstəlikləri süni intellekt vasitəsi ilə  müəyyən edən mobil tətbiqdir. Biz bir ildən çoxdur ki, bu layihənin üzərində işləyirik. Hazırda mobil tətbiq 32-yə yaxın xəstəliyi tam olaraq tanıyır. İlk vaxtlar tətbiq tam olaraq pulsuz fəaliyyət göstərəcək.  Sonralar isə onu bazar qiymətlərinə uyğun formalaşdıracayıq. Gələcəkdə  bu tətbiq bütün bitkiləri əhatə edərək, qruplar şəklində bölünəcək.

Bu proqram kiçik fermer və bağbanlar üçün nəzərdə tutulub. İlk yoluxmanı gördükdə istifadəçi onun şəklini çəkərək sistemə daxil edir və bitkinin xəstəliyi, həmçinin müalicə barəsində məlumat əldə edir”.

ADNSU-nun Kompüter Mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi Tural Sufanzadə “Reserve” startap layihəsinin layihə meneceridir:

O, layihənin təfərrüatları haqqında fikirlərini bölüşüb:

“Komanda olaraq Unlimited Hackatonda iştirak etdik və o zaman 3 nəfərdən ibarət heyətimiz var idi. Sonra komandamızla startap ideyası formalaşdırmaq qərarına gəldik. Bir neçə layihə ətrafında seçim etdik, lakin ilk tərcihlərimiz düzgün olmadı. Buna görə də bir neçə ay vaxt itirdik, amma ən uyğun layihəni seçə bildik. 4 aydır, onun üzərində işləyirik. Bu müddət ərzində layihəmiz ilk versiyasına nəzərən xeyli inkişaf edib və paralel komandamız da böyüyüb. Hazırda 6 nəfərlik qrupla işləyirik. Layihənin növbəti aylar ərzində bütün platformalarda aktivləşməsi planlaşdırılıb.

Əsas məqsəd şəhərin bütün məkanlarını ( restoran, kafe, steak house, klub, publar ) eyni platformada toplamaq və hərkəs üçün istifadəni asanlaşdırmaqdır.

Layihəmiz 2 mobil tətbiqdən ibarətdir. ( Həmçinin, web-sayt olaraq da fəaliyyəti planlanılıb ) Biznes tətbiq müştərilərin istifadəsi   üçün müəyyən edilib.  

Layihənin yaranmasının bir sıra səbəbləri var. Onları iki yerə ayırmaq olar: İstifadəçilərin ən çox qarşılışdığı problem istəklərinə uyğun məkan tapa bilməmək və  internet üzərindən  onun haqqında məlumat əldə edə bilməməkdi. Bu da xeyli vaxt itkisinə səbəb olur. Restoranların qarşılaşdığı problemlərin əsasında isə özlərini bazarda tanıda bilməmək durur. Hətta onlar özlərini tanıtsalar belə, bunun qarşılığında kifayət qədər böyük məbləğ xərcləməli olurdular.  Userlər üçün olan tətbiqdə istifadəçilər bütün məkanları asanlıqla tapa və onlar haqqında tam vizual məlumat almaq imkanı əldə edirlər ( məkanın örüntüsü, hazırda aktiv olan kampanyalar, kabinetlər və.s.). Asanlıqla məkanlarla əlaqə saxlaya və tək toxunuşla istədikləri masanı və ya kabineti sifariş edə bilərlər. Biznes tətbiq  isə məkanların  müştərilərə tanıdılmasını gerçəkləşdirir. Yeni məkanların bazarda yer almasına yardımçı olur və onlara təqdim olunan statistikaya əsasən öz müştərilərini analiz edib, tanıya bilirlər. Tətbiqdə həm istifadəçilərə, həm də məkanlara daha yaxşı xidmət göstərə bilmək üçün data analizdən də istifadə olunur. Biz istifadəçilərin ən çox axtardığı məkanların xüsusiyyətlərindən istifadə edərək onlara növbəti istifadədə daha uyğun təkliflər verə bilirik. Userlərin bizim tətbiqi daimi istifadə etməsi üçün bonus sistemi də tətbiq olunur. Burda istifadəçilər tətbiqdən etdikləri sifarişə görə bonus  qazanır və onları həmin məkanlarda endirim olaraq istifadə edə bilirlər”.

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları