Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 17:10:00
Musiqi və idman dərslərini tədris edən müəllimlər nə dərəcədə təhsillidirlər? - Rəqəmlər  

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərini tədris edən müəllimlərin ali təhsil səviyyəsi çoxlarına maraqlıdır. Bəziləri belə fənlərin ixtisaslı kadrlar tərəfindən tədris olunmamasından şikayətçidirlər. Əksər məktəblərdə bu fənlər dərs saatı az olan müəllimlərin əmək haqqını artırmaq məqsədi daşıyır.

Bəs, ümumiyyətlə, orta məktəblərdə bu istiqamətlər üzrə ixtisaslaşmış ali təhsilli kifayət qədər kadr varmı?

AzEdu.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində bu barədə statistik göstəricilər qeyd olunub.

Araşdırma musiqi, təsviri sənət, bədən tərbiyəsi, texnologiya fənlərini tədris edən müəllimləri əhatə edir.

Göstəricilərdən aydın olur ki, ötən il ölkə məktəblərində bu fənləri 17262 müəllim tədris edib.

Bu kadrların yalnız 46,5 %-i ali təhsillidir. Onlardan 99,8%-i isə sırf pedaqoji təhsilə sahibdir. Bu fənn müəllimləri arasında ali təhsillilərin ən çox olduğu il isə 2005-ci il olub. Həmin ildə kadrların 53,9 %-inin ali təhsilli olduğu aşkarlanıb.

Hazırda musiqi, təsviri sənət, bədən tərbiyəsi, texnologiya kimi fənləri tədris edənlərin 61,3%-i qadınlardır. Onların 13,4 %-i isə pedaqoji orta ixtisas təhsilinə sahibdirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları