Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 12:02:47
Şagirdlər üçün çətin sınaq - kurikulumdan niyə narahatdırlar? - Ekspertlərin şərhi

2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsil alan şagirdlər iştirak edə bilərlər.

Bu sınaq yeni qaydalar əsasında tətbiq olunan ilk imtahan olduğuna görə, şagirdlər və valideynlər arasında müəyyən narahatlıq özünü göstərir.

Təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlamasında bildirib ki, imtahanın ilkin mərhələsində şagirdlər çətinlik çəkəcəklər:

“Yeni təhsil proqramlarına əsasən, müsbət mənada fənnin məzmununda və təlim strategiyalarında ciddi dəyişikliklər var. Məzmunun, testlə işləmə vərdişlərinin, qiymətləndirmə mexanizmlərinin dəyişməsi şagirdlərdə ilk illərdə müəyyən çətinlik yarada bilər. İlk sınaq imtahanında da şagirdlərin göstəriciləri aşağı ola bilər. Bu, normaldır. Şagirdlərin nailiyyətləri o zaman yüksək olacaq ki, onlar artıq fənnin və düşən test suallarının məzmununa bələd olacaqlar.  Ənənəvi imtahan sualları  qapalı tipli test tapşırıqlarından ibarətdir. Uzun illərdir ki, bu test tapşırıqları ilə razılaşmırdıq. Çünki qapalı testlərlə şagirdlərdə analitik bacarıqların inkişafı mümkün deyildi. Hazırda açıq tipli suallardan istifadə olunacaq ki, bu da şagirdlərin bilik və  bacarıqlarını, o cümlədən  analitik təfəkkürlərini  yoxlamağa imkan verəcək”.

Ekspert qeyd edib ki, şagirdlər göstəricilərini yüksəltmək üçün bu tip suallarla işləməyə vərdiş etməlidirlər:

“Müəllimlər də uşaqlarda açıq tipli suallarla işləmə bacarıqlarını formalaşdırmalıdırlar. Bu, uzunmüddətli prosesdir və zaman tələb edir”.

Hədəf kurslarının Elm və Tədris işləri departamentinin direktoru Elxan Nəcəfov isə deyib ki, bu imtahan şagirdlər üçün heç bir çətinlik yaratmayacaq:

“Bu  hədəfə aparan imtahan deyil, təcrübə imtahanıdır. Şagirdlər sualların tipiylə tanış olacaqlar. Bu imtahanda  22 sual qapalı, 8 sual isə açıq tipli olacaq. 8 açıq sualın 5-i isə yenə də ənənəvi qaydaya uyğun olan açıq testlərdir. Sadəcə abituriyent üçün yenilik ondan ibarətdir ki, sual kitabçasına salınacaq 3 sual tamamilə açıq sual olacaq. Bu sualın cavabını şagird öz fikirləri ilə ifadə edəcək. Cavablar  kompüter vasitəsilə yox, müəllimlər tərəfindən yoxlanılacaq. Belə sualların meyarları olur. Yalnız bu meyarları ödəyən cavablar  qiymətləndiriləcək. Buraxılış imtahanlarında, artıq bu üsuldan istifadə olunub. Şagirdlər təqribən, sınaq imtahanına bələddirlər. Bu baxımdan, onlar üçün xüsusi çətinlik gözlənilmir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları