Azedu.az

Təhsil naziri kollektivə təqdim olunub

AzEdu Təhsil Platforması

28 Sentyabr 2026, 14:48
Təhsil naziri kollektivə təqdim olunub

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim edilib.

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ovni Muradovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təsdiq edilməsi haqqında qərarını diqqətə çatdırıb. Baş nazir Ovni Muradovu yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxışında dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinin Naxçıvanda təhsil siyasətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirildiyini bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, təhsil sahəsində gənc və perspektivli müəllimlərin fəaliyyətinə şərait yaradılması ilə yanaşı, uzun illər pedaqoji sahədə çalışan təcrübəli müəllimlərin bilik və təcrübəsindən səmərəli istifadə olunması da mühüm əhəmiyyət daşıyır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim nüfuzunun artırılması və şagirdlərin müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsi istiqamətində tədbirlər bundan sonra da davam etdirilməlidir. Vurğulanıb ki, həyata keçirilən bütün tədbirlərin mərkəzində vətəndaş məmnunluğu, ədalət və keyfiyyət prinsipləri dayanmalıdır.Təhsil sahəsində qarşıya qoyulan vəzifələrin ardıcıl və səmərəli şəkildə həyata keçirilməsi üçün məsuliyyətli və peşəkar idarəetmə xüsusi əhəmiyyət daşıyır. Ceyhun Cəlilov Ovni Muradovu yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib, təhsil sahəsində həyata keçirilən tədbirlərin bundan sonra uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Təhsil naziri Ovni Muradov göstərilən etimada görə təşəkkürünü bildirib. O, çıxışında Prezident İlham Əliyevin müəyyən etdiyi təhsil siyasətinin əsas istiqamətlərini, təhsilin millətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında həyata keçirilməsi üçün səylə çalışacağını bildirib.

Putin devirmək üçün hərəkətə keçdilər - Gizli təşkilat ifşa edildi
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox