Kanadada müsəlman məktəblərinə təhdid mesajları göndərilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Kanada Müsəlman Assosiasiyasına (MAC) məxsus 9 məktəbə elektron poçt vasitəsilə müsəlmanlara qarşı təhdidlər göndərilib.
“Citizen Vigilante” imzası ilə göndərilən anonim məktubda müsəlmanların “qətlə yetiriləcəyi” bildirilib və Kanadanın “İslamdan təmizlənəcəyi” qeyd olunub.
MAC-ın sözçüsü Nabil Sultan bildirib ki, eyni məktub 24 saat ərzində Ontario, Britaniya Kolumbiyası və Kvebek əyalətlərində yerləşən məktəblərə göndərilib. Təhdidlərdən sonra məktəblərdə təhlükəsizliyin təmin olunması üçün əlavə mühafizə əməkdaşları cəlb edilib.
Polisin məlumatına görə, hadisə ilə bağlı nifrət cinayətləri üzrə araşdırma başladılıb. Ontario polisi məscid və məktəblərin ətrafında patrulların artırıldığını açıqlayıb.
Ottava polisi isə təhdidlərin göndərildiyi ərazilərdə polis əməkdaşlarının sayının artırıldığını, lakin hazırda konkret və ya yaxın təhlükənin müəyyən edilmədiyini bildirib.
Kanadanın İctimai Təhlükəsizlik naziri Gary Anandasangaree də hadisəyə münasibət bildirərək məktəbə gedən hər bir uşağın təhlükəsiz mühitdə təhsil almaq hüququnun olduğunu vurğulayıb.