Türkiyənin Osmaniyə şəhərində yerləşən liseyinin həyətində silahlı hücuma məruz qalan müəllim həyatını itirib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında ədavət olduğu bildirilən A.B. adlı şəxs müəllim M.B.-yə qanunsuz saxladığı tapança ilə atəş açıb. Ağır yaralanan müəllim xəstəxanaya çatdırılaraq müalicə altına alınsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra şübhəli A.B. hücumda istifadə etdiyi ehtimal olunan silahla birlikdə qısa müddətdə saxlanılıb.
İlkin məlumata görə, müəllimi güllələyən şəxs məktəbin şagirdi deyil, onun qardaşı oğludur. Bildirilir ki, şübhəlinin psixoloji problemləri olub və hücumu aralarındakı şəxsi münaqişə zəminində törədib.
Faktla bağlı araşdırma aparılır.