Azedu.az

BMU aliminin tədqiqatı antibiotiklərə davamlılığa qarşı yeni imkanlar açır

Ali təhsil

28 Sentyabr 2026, 14:59
BMU aliminin tədqiqatı antibiotiklərə davamlılığa qarşı yeni imkanlar açır

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, professor Namiq Şıxaliyevin həmmüəllifi olduğu elmi məqalə beynəlxalq nüfuzlu jurnalda dərc edilib. 

AzEdu.az xəbər verir ki, “Fe, Cu, Ni və Zn tərkibli tris- və bis - (2,4-bis(trixlormetil) -1,3,5-triazopentadienato) komplekslərinin antibakterial və göbələkəleyhinə xassələri” adlı məqalə Scopus bazasında Q1 kateqoriyasına daxil olan “Advances in Biology and Earth Sciences” jurnalında yayımlanıb.

Antibiotiklərə qarşı davamlılığın (rezistentliyin) artması hazırda qlobal səhiyyənin qarşısında duran mühüm problemlərdən biridir. Bu baxımdan yeni və effektiv antimikrob birləşmələrin müəyyənləşdirilməsi müasir kimya və biologiyanın aktual tədqiqat istiqamətlərindən hesab olunur. Elmi araşdırmada bu istiqamətdə bir sıra metal komplekslərinin bakteriya və göbələklərə qarşı antimikrob təsiri öyrənilib.

Tədqiqat çərçivəsində dəmir (Fe), mis (Cu), nikel (Ni) və sink (Zn) əsaslı metal komplekslərinin antibakterial və antifungal (göbələkəleyhinə) xüsusiyyətləri araşdırılıb. Komplekslərin aktivliyi həm Qram-mənfi (Acinetobacter baumannii, Escherichia coli, Klebsiella pneumoniae, Pseudomonas aeruginosa), həm də Qram-müsbət (Bacillus subtilis, Staphylococcus aureus və s.) bakteriyalar, eləcə də Candida cinsinə aid maya göbələkləri üzərində sınaqdan keçirilib.

Nəticələrə əsasən, tədqiq olunan metal kompleksləri həm Qram-mənfi, həm də Qram-müsbət bakteriyalara qarşı müəyyən dərəcədə effektivlik nümayiş etdirib.

Göbələkəleyhinə aktivlik baxımından ən yüksək nəticə nikel kompleksində, ən aşağı göstərici isə mis kompleksində qeydə alınıb. Nikel kompleksinin təsiri mis kompleksi ilə müqayisədə 1,5–1,7 dəfə daha güclü olub.

Əldə olunan nəticələr antibiotiklərə davamlı mikroorqanizmlərə qarşı mübarizədə yeni antimikrob birləşmələrin hazırlanması, eləcə də onların tibb və biotexnologiya sahələrində potensial tətbiqi baxımından elmi əhəmiyyət daşıyır.

Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

Scopus: //www.scopus.com/pages/publications/105049866181

DOI: //doi.org/10.62476/abes112417

Putin devirmək üçün hərəkətə keçdilər - Gizli təşkilat ifşa edildi
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox