Azedu.az

Buludların elektrik yükü iqlimə təsir edə bilər

Maraqlı

28 Noyabr 2026, 10:41
Buludların elektrik yükü iqlimə təsir edə bilər

Buludların tərkibindəki elektrik yükü onların su damcılarının ölçüsünə təsir göstərə bilər. Bu amilin öyrənilməsi buludların Günəş işığını əks etdirməsi və Yer kürəsinin iqliminə təsiri barədə elmi bilikləri genişləndirə bilər.

AzEdu.az xəbər verir ki, Böyük Britaniyanın Reading Universitetinin alimləri apardıqları araşdırma zamanı laylı buludların yuxarı hissəsində elektrik yükü artdıqca onların daxilindəki su damcılarının da böyüdüyünü müəyyən ediblər.

Tədqiqatçılar stratus və stratokumulus adlanan, geniş əraziləri örtən laylı buludları araşdırıblar. Ölçmələrə əsasən, buludların yuxarı hissəsində elektrik yükünün daha çox olduğu hallarda su damcılarının ölçüsü təxminən 10 faiz artıb.

Araşdırma üçün alimlər atmosferdəki elektrik yükünü ölçən xüsusi avadanlıqla təchiz olunmuş FAAM elmi təyyarəsindən və meteoroloji şarlardan istifadə ediblər. Təyyarə 2024-cü il yanvarın 12-də İngiltərənin cənubunda bulud qatının yuxarı hissəsinə dəfələrlə daxil olaraq eyni bulud üzərində ölçmələr aparıb. Bir uçuş mərhələsində bu manevr ardıcıl 16 dəfə təkrarlanıb.

Alimlər eyni zamanda bulud damcılarının ölçüsünü, elektrik yükünü və Günəş işığını əks etdirmə xüsusiyyətlərini qeydə alıblar. Bu üsul elektrik yükü ilə buludların fiziki xüsusiyyətləri arasındakı əlaqəni daha ətraflı araşdırmağa imkan verib.

Qeyd edək ki, su damcılarının ölçüsü buludların Günəş işığını nə dərəcədə əks etdirməsinə təsir göstərir. Buna görə də yeni nəticələr buludların iqlim sistemindəki rolunun daha dəqiq öyrənilməsinə və hava, eləcə də iqlim modellərinin təkmilləşdirilməsinə töhfə verə bilər.

Araşdırmanın nəticələri noyabrın 27-də “Geophysical Research Letters” elmi jurnalında dərc olunub

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox