Azedu.az

Sinif otaqlarındakı ən ciddi təhlükə - İctimai şura üzvündən çağırış 

Elm və təhsil

22 Sentyabr 2026, 15:31
Sinif otaqlarındakı ən ciddi təhlükə - İctimai şura üzvündən çağırış 

Məktəbdə şagirdlərin günün böyük hissəsini oturaraq keçirməsi uzun illərdir təhsilin ayrılmaz hissəsi kimi qəbul olunur. Dərslər, ev tapşırıqları, ekran qarşısında keçirilən vaxt və digər fəaliyyətlər uşaqların gündəlik fiziki aktivliyini əhəmiyyətli dərəcədə azalda bilər. Halbuki, müasir təhsil yanaşmalarında uşağın yalnız akademik inkişafı deyil, fiziki aktivliyi və ümumi rifahı da diqqət mərkəzində saxlanılır.

Bəs uşaqların daha yaxşı öyrənməsi üçün onları saatlarla parta arxasında oturtmaq nə dərəcədə doğrudur? Dərs prosesində hərəkətə nə qədər yer ayrılmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, bu gün uşaqların həyatında hərəkətsizlik əvvəlkindən daha çoxdur:

“Məktəbdə otururlar, ev tapşırığını hazırlayarkən otururlar, daha sonra telefon, planşet və kompüter qarşısında yenidən otururlar. Yəni məsələni yalnız ekran vaxtı ilə əlaqələndirmək düzgün olmaz. Gün ərzində uşağın nə qədər hərəkət etdiyinə bütöv şəkildə baxmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı məktəb yaşlı uşaqlar və yeniyetmələr üçün gün ərzində orta hesabla ən azı 60 dəqiqə fiziki aktivliyi tövsiyə edir. Ancaq məsələ yalnız uşağı hansısa idman növünə yazdırmaqla həll olunmur. Hərəkət onun gündəlik həyatının bir hissəsinə çevrilməlidir.

Bu baxımdan məktəbin imkanları çox böyükdür. Uzun illər belə bir düşüncəyə alışmışıq: dərsdə sakit oturmaq, tənəffüsdə isə hərəkət etmək lazımdır. Halbuki dünyada məktəblərdə fiziki aktivliyə yanaşma getdikcə dəyişir. Hərəkət artıq yalnız bədən tərbiyəsi dərsinin işi hesab edilmir. Dərsin içində qısa hərəkət fasilələri, açıq havada fəaliyyət, hərəkətli öyrənmə tapşırıqları, aktiv tənəffüslər və məktəbə piyada və ya velosipedlə gəlmənin təşviqi kimi üsullardan istifadə olunur.

Bunun üçün dərsi idman məşğələsinə çevirməyə də ehtiyac yoxdur. Bəzən üç-beş dəqiqə kifayət edir. Məsələn, ibtidai sinifdə riyaziyyat tapşırığını hərəkətlə əlaqələndirmək, xarici dil dərsində yeni sözləri jest və hərəkətlərlə öyrənmək, təbiət dərsinin müəyyən hissəsini məktəbin həyətində keçirmək mümkündür. Qrup işində uşaqların yerini dəyişməsi, lövhəyə qalxması, tapşırığı sinfin müxtəlif hissələrində yerinə yetirməsi belə uzunmüddətli oturma müddətini azaldır.

Dünya təcrübəsi də göstərir ki, fiziki aktivlik dərsin qarşısını alan amil deyil. Əksinə, qısa hərəkət fasilələri uşaqların diqqətini yenidən toplamasına, dərsdə iştirakına və ümumi rifahına kömək edə bilir. Böyük Britaniyada tətbiq olunan “The Daily Mile” yanaşması bunun sadə nümunələrindən biridir. Məktəblilər gün ərzində qısa müddətə açıq havaya çıxaraq yeriyir və ya qaçırlar. Bunun üçün xüsusi avadanlıq, yarış və ya böyük xərc tələb olunmur".

Tənəffüslərə münasibətimizi də dəyişməliyik:

"Tənəffüs dərslərin arasında qalan boş vaxt deyil. Uşağın hərəkət etdiyi, nəfəs aldığı, sosiallaşdığı və növbəti dərsə hazırlaşdığı vaxtdır. Buna görə də tənəffüsü uşağın əlindən alınan cəza vasitəsinə çevirmək doğru deyil. Xüsusilə hərəkətə daha çox ehtiyacı olan bir uşağa “dərsdə danışdın, tənəffüsə çıxmayacaqsan” deməklə problemi daha da böyüdə bilərik.

Məktəb mühitində erqonomika məsələsi də diqqətdən kənarda qalmamalıdır. Parta və stulun uşağın boyuna uyğun olması, düzgün işıqlandırma, ekranın yerləşməsi, məktəb çantasının ağırlığı və uşağın uzun müddət eyni vəziyyətdə qalmaması vacibdir. Amma yalnız “düzgün otur” deməklə kifayətlənmək olmaz. Çünki məsələ uşağın saatlarla düzgün oturmasını təmin etmək deyil, ümumiyyətlə saatlarla fasiləsiz oturmamasını təmin etməkdir.

Məktəblərdə böyük dəyişikliklər bəzən çox sadə addımlarla başlaya bilər. Müəllim özündən soruşa bilər: mənim dərsimdə uşaq neçə dəqiqə fasiləsiz oturur? Bu müddətin içində iki-üç dəqiqəlik hərəkət yaratmaq mümkündürmü? Məktəb rəhbərliyi isə düşünə bilər: tənəffüsdə uşaqların hərəkət etməsi üçün real şərait varmı? Məktəb həyəti uşaqların istifadə etdiyi canlı məkandırmı? Bədən tərbiyəsi dərsində hər bir uşaq həqiqətən aktivdirmi?

Burada bütün məsuliyyəti uşağın və ya valideynin üzərinə qoymaq da düzgün deyil. Uşağa “telefonu qoy, get oyna” demək asandır. Amma oynamaq üçün təhlükəsiz məkan yoxdursa, məktəbdə günün böyük hissəsi oturmaqla keçirsə, evdə onu uzun tapşırıqlar gözləyirsə, deməli, problem yalnız fərdi seçimdən ibarət deyil. Uşağın içində olduğu mühit də onun həyat tərzini formalaşdırır.

Gələcəyin məktəbi yalnız daha çox texnologiyası olan məktəb olmamalıdır. İnteraktiv lövhə, planşet və süni intellekt təhsilə böyük imkanlar gətirir. Amma uşağı bir ekran qarşısından digərinə keçirərək müasir təhsil qurduğumuzu düşünmək də doğru olmaz. Texnologiya ilə hərəkət arasında sağlam tarazlıq yaradılmalıdır.ünki uşaq yalnız parta arxasında öyrənmir. O, hərəkət edərək, müşahidə edərək, toxunaraq, oynayaraq və yaşayaraq da öyrənir. Hərəkət dərsdən alınan vaxt deyil, uşağın daha sağlam və daha yaxşı öyrənməsi üçün ayrılan vaxtdır.”

Putin üçün əsl cəhənnəm başlayır - Sərhəddə yeni müharibə
Son xəbərlərDaha çox