Azedu.az

Müəllimləri kəndlərə apacaq üstünkülər - Təhsili xilas edəcək təkliflər  

Müəllimlər və elm adamları

23 Sentyabr 2026, 12:59
Müəllimləri kəndlərə apacaq üstünkülər - Təhsili xilas edəcək təkliflər  

MÜTDA direktoru bu il ucqar kənd məktəblərində kadr təminatı probleminin son 10-20 ilin ən aşağı səviyyələrindən birinə endiyini bildirib. 

Onun sözlərinə görə, ucqar məktəblərdə müəllim təminatının yaxşılaşdırılması üçün son iki ildə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. Müəllimlərə əməkhaqqına əlavələr və kompensasiyalar ödənilir, işə yeni qəbul olunanlara ilkin əməkhaqqılarının iki misli həcmində müavinət verilir. Həmçinin, vakant yerin olduğu rayonun sakinlərinə üstünlük tanınır, bir neçə məktəbdə az dərs yükü olan eyni fənn üzrə vakansiyalar isə bir iş yeri kimi təqdim olunur.

Bəs həyata keçirilən bu tədbirlər ucqar kənd məktəblərində kadr probleminin həlli üçün kifayət edirmi?

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru, təhsil üzrə menecment Nemət Rüstəmli Azedu.az-a açıqlamasında mövzu ilə bağlı  vacib detalları qeyd edib:

189898

Onun fikrincə, maddi həvəsləndirmə gənc müəllimin kəndə getməsi üçün ilkin təkan ola bilər, amma onun illərlə orada qalmasını təkbaşına təmin etmir:

“Maddi həvəsləndirmə gənc kadrın kənd məktəbinə getməsi üçün ilkin təkan rolunu oynasa da, onun həmin mühitdə illərlə qalmasını və peşəkar kimi püxtələşməsini təkbaşına təmin edə bilmir. Müəllimlərin kənddə davamlı fəaliyyətini təmin etmək üçün bir sıra addımları atmaq olar. Məsələn, təkcə aylıq kirayə kompensasiyası ödənilməklə kifayətlənilməməli, dövlət və ya bələdiyyə fondu hesabına xidməti mənzillər inşa olunmalı, yaxud gənc müəllimlər üçün xüsusi güzəştli kənd ipotekası proqramları təsis edilməlidir.

​ Kəndə təyin olunan müəllimlər və onların ailə üzvləri üçün ödənişsiz özəl tibbi sığorta, nəqliyyat güzəştləri, kənd yerlərində məskunlaşan gənc müəllim ailələrinin uşaqları üçün bağça və məişət xidmətlərinə rahat çıxış imkanı yaradılmalıdır.

​ Ucqar kəndlərdə işlənilən hər il üçün əmək pensiyasına və ümumi staja artırılmış əmsal tətbiq olunmalı, sertifikatlaşdırma və fəxri adların verilməsi zamanı kənd stajına xüsusi üstünlük balı nəzərdə tutulmalıdır”.

Kənd müəllimliyi yalnız boş vakansiyanı doldurmaq deyil, davamlı bir peşə trayektoriyasına çevrilməlidir:

“Paytaxt və region məktəbləri arasındakı əsas fərq resurslara, müasir təlim texnologiyalarına və peşəkar ünsiyyət mühitinə çıxış imkanlarındadır. Kənd müəlliminin peşəkar inkişafını dəstəkləmək və bu fərqi aradan qaldırmaq üçündə addımlar atılmalıdır.  Region müəllimlərinin paytaxta gəlməsinə ehtiyac qalmadan, aparıcı təlimçilər və ali təhsil müəssisələri tərəfindən həyata keçirilən onlayn mentorluq, rəqəmsal metodika və beynəlxalq sertifikasiya proqramlarına pulsuz inteqrasiyası təmin edilməlidir.

​Mərkəzi lisey və gimnaziyalar ilə ucqar kənd məktəbləri arasında institusional tərəfdaşlıq qurulmalıdır. Bu model çərçivəsində müəllim mübadiləsi, birgə açıq dərslər, dərslik rejissorluğu və qarşılıqlı təcrübə bölüşməsi həyata keçirilə bilər.

​Ucqar kəndlərdə yüksək şagird nəticələri göstərən, məktəbin akademik göstəricilərini yüksəldən gənc müəllimlər üçün məktəb direktoru və ya regional təhsil idarələrində rəhbər vəzifələrə seçim zamanı xüsusi  üstünlük hüququ müəyyən edilməlidir.

​Kənd məktəbləri yüksəksürətli internet, rəqəmsal lövhə və müasir tədris avadanlıqları ilə təmin olunmalı; metodiki kabinetlərin fəaliyyəti tam rəqəmsallaşdırılaraq kənd müəlliminin hər an innovativ resurslara çıxışı təmin edilməlidir.

​Nəticə olaraq onu deyə bilərəm ki, kadr siyasəti yalnız "boş vakansiyanı doldurmaq" məqsədi daşımamalı, kənd müəllimliyini prestijli, sosial baxımdan müdafiə olunmuş və karyera imkanları açıq olan davamlı bir peşə trayektoriyasına çevirməlidir”.

Astara şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Babək Rzazadə qeyd edib ki, ucqar ərazilərdə çalışanlar əsasən gənc müəllimlər olur və onların stimullaşdırıcı tədbirlərə daha çox ehtiyacı var:

184437

"Qeyd olunduğu kimi, son illərdə ucqar kənd məktəblərində çalışan müəllimlərin rifahının yaxşılaşdırılması və onların həmin ərazilərdə işləməyə təşviq olunması istiqamətində stimullaşdırıcı tədbirlər görülür. Mən bu fikirlə razıyam.

Bir müəllim kimi ildən-ilə bunun təsirini görürəm. Mən özüm də fəaliyyətə ucqar kənddə başlayan müəllimlərdən olmuşam. Təxminən 10 il əvvəl Lerik rayonunun Molalan kəndində işləmişəm. MİQ imtahanından keçərək 18 saat dərs yükü ilə çalışırdım. Həmin kənd H1 kateqoriyasına aid edilirdi və buna görə aylıq 60 manat əlavə ödəniş alırdım.

Düzdür, bu müəyyən mənada stimullaşdırıcı idi, lakin məbləğ çox yüksək deyildi. Üstəlik, Lerikin mərkəzinə gedib-gəlmək mənim üçün kifayət qədər çətin olurdu. Məsafə baxımından H1 hesab olunsa da, ərazinin coğrafi şəraiti və yol çətinlikləri bunu daha ağır edirdi. Ona görə də gənc müəllim kimi həmin şəraitdə işləmək mənim üçün həm yorucu, həm də müəyyən çətinliklərlə müşayiət olunurdu.

Amma illər sonra artıq görürəm ki, məsələn, həmin kənd məktəbində və digər məktəblərdə, eləcə də Astaranın ucqar kəndlərində və ölkənin müxtəlif bölgələrində yerləşən ucqar yaşayış məntəqələrində çalışan müəllimlər üçün daha çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirlər, xüsusilə maddi dəstək baxımından çox müsbət haldır.

Bu, əlbəttə ki, müəllimlərin həmin ərazilərə gedib işləməsinə daha çox kömək edir. Məsələn, yüksəklik əmsalı və digər əlavə ödənişlər onların xərclərini qarşılamağa imkan yaradır. Çünki ucqar ərazilərdə çalışan müəllimlər əsasən gənclər olur və onların iş stajı az olduğuna görə bu cür stimullaşdırıcı tədbirlərə daha çox ehtiyac duyurlar".

Xüsusilə yeni ailə qurmuş xanım müəllimlər üçün ucqar ərazilərdə işləmək daha çətindir və onların vəziyyəti ayrıca nəzərə alınmalıdır:

"Nəzərə almaq lazımdır ki, ucqar ərazidə yaşamağın öz çətinlikləri var. Məsələn, odun tədarükü, kirayə xərcləri və ya müəllimin öz rayonuna gedib-gəlməsi üçün nəqliyyat xərcləri olur. Elə yerlər var ki, hər gün marşrut işləmir və müəllim taksidən istifadə etməli olur. Yol şəraiti yaxşı olmadıqda isə bu xərclər daha da artır. Yəni bu kimi çətinliklər mövcuddur. Amma qeyd edildiyi kimi, müəllimlər üçün müəyyən dəstək tədbirləri də görülür. Bu tədbirlərin müsbət təsiri var və mən bu fikirlə razıyam.

Bir də burada əlavə bir məqamı qeyd edərdim. Əsasən xanımlar, xüsusilə də yeni ailə qurmuş xanımlar bu problemi daha çox yaşayırlar. Çünki onların körpələri və ailələri olur. Onları qoyub gedərək ucqar ərazidə işləmək ya ailənin birlikdə köçüb orada yaşamasını tələb edir, ya da başqa halda onlar üçün daha çətin olur.

Xüsusilə yeni ailə qurmuş xanımlar üçün bu məsələdə ayrıca yanaşma olmalıdır. Yəni onları digər müəllimlərdən fərqləndirmək, onlar üçün əlavə stimullaşdırıcı tədbirlər nəzərdə tutmaq olar. Hamı üçün müəyyən stimullaşdırıcı tədbirlər olduğu kimi, ailə qurmuş xanımların vəziyyəti də ayrıca nəzərə alınmalıdır.

Çünki tanıdığım bəzi müəllimlər var ki, seçim edərkən tərəddüd edirlər: “Mənim körpəm var, gedib orada necə yaşayacağam? Bu qədər maaş alıramsa, necə dolanacağam?” və s. Amma onlar üçün əlavə gəlir və ya dəstək imkanları olsa, bu, çox yaxşı olar".

Maddi dəstəklə yanaşı, ucqar ərazilərdə çalışan müəllimlərin peşəkar inkişafı üçün də xüsusi imkanlar yaradılmalıdır:

"Lənkəranın ucqar kəndlərində çalışan müəllimlər üçün həftəsonları ödənişsiz özünüinkişaf, liderlik və peşəkar inkişaf təlimləri təşkil etmək olar. Bunun üçün Bakıdan və ya digər bölgələrdən təlimçilər dəvət edilə bilər. Düşünürəm ki, bu, müəllimlərin maddi vəziyyəti ilə yanaşı, peşəkar inkişafı baxımından da vacibdir. Çünki bəzi müəllimlər ucqar ərazilərə getmək istəmirlər və bunun səbəblərindən biri də “Ora getsək, öz inkişafımız geri qalacaq” düşüncəsidir.

Bu səbəbdən həftəsonları həmin müəllimlərin müxtəlif təlimlərə cəlb olunması onların inkişaf imkanlarını artırar. Bakıdakı müəllimlər üçün belə imkanlar daha əlçatan olsa da, rayon və xüsusilə ucqar ərazilərdə çalışan müəllimlər üçün bu, daha çətindir.

Təlimçilər regionlarda da varsa, müəllimləri hər dəfə rayon mərkəzinə gətirməyə ehtiyac yoxdur. Məsələn, Lerikdə 5-10 məktəbdən gənc müəllimləri bir araya gətirib yerli məktəblərdən birində təlim təşkil etmək olar. Eyni yanaşmanı Astara və digər rayonlarda da tətbiq etmək mümkündür. Həmçinin müəllimlərə özünüinkişaf üçün müxtəlif layihələr verilə bilər.

"Həmin müəllimlərə qrant layihələri üzrə də müəyyən üstünlüklər vermək olar. Bilirik ki, təhsildə inkişaf və innovasiyalarla bağlı qrant layihələri həyata keçirilir. Məsələn, ucqar ərazilərdə çalışan gənc müəllimlərə bu layihələrdə iştirak üçün müəyyən üstünlük verilə bilər. Onlar layihələri işlədikləri məktəbdə, şagirdlərlə birlikdə həyata keçirə bilərlər. Bu, həm müəllimləri stimullaşdırar, həm də şagirdlərin müxtəlif sahələr, məsələn, ekologiya, informatika və digər istiqamətlər üzrə layihələrdə iştirakına imkan yaradar.

Digər tərəfdən, yalnız ucqar ərazilərdə çalışan müəllimlər üçün ödənişsiz distant və onlayn təlimlər təşkil etmək olar. Bu təlimlər onların peşəkar və şəxsi inkişafına, eləcə də karyera imkanlarının genişlənməsinə kömək edər. Müəllim də biləcək ki, ucqar ərazidə işlədiyi müddətdə bu imkanlardan pulsuz yararlana və özünü inkişaf etdirə bilər. Bu da onun həmin ərazidə işləməyə marağını və həvəsini artıra bilər".

Ucqar ərazilərdə müəllimi saxlamaq üçün stimullaşdırıcı tədbirlər nə qədər artsa, uzunmüddətli fəaliyyət imkanları da bir o qədər genişlənər:

"Yerli müəllimlərə üstünlük verilməsi çox yaxşıdır. Çünki başqa rayondan gedən müəllimdə “ilimi tamamlayım, gedim buradan” düşüncəsi ola bilər. Amma yerli müəllim öz bölgəsində işlədiyi üçün daha həvəsli olur, işinə daha çox can yandırır və uzunmüddətli fəaliyyət göstərməyə maraqlı olur. Eyni zamanda, onun üçün kirayə, yol və əlavə nəqliyyat xərcləri ilə bağlı çətinliklər də olmur.

Ümumiyyətlə, ucqar ərazilərdə çalışan müəllimlər daha çox diqqətə layiqdirlər. Stimullaşdırıcı tədbirlər artdıqca onların həmin ərazilərdə daha uzun müddət qalması və daha yaxşı nəticələr göstərməsi mümkündür. Hətta bəzi müəllimlər orada daimi işləməyi seçə bilərlər.

Yekun olaraq deyə bilərəm ki, son illərdə vəziyyət çox dəyişib. Mən 10 il əvvəl müəllim kimi özümü inkişaf etdirmək üçün imkanlar axtarırdım, amma bunun üçün o qədər də imkan yox idi. O vaxt maaşımdan əlavə verilən 60 manat əsas stimullaşdırıcı dəstək idi və düşünürəm ki, bu, kifayət deyildi. İndi isə belə imkanlar xeyli artıb. Mən düşünürəm ki, bu tədbirlər bir qədər də genişləndirilməlidir".

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox