Müəllimlik ixtisasları üzrə qəbul planı getdikcə aşağı düşür, MİQ imtahanında vakant yerlər azalır. Bu da müəllimlik ixtisaslarında ciddi sıxlığa gətirib çıxarır: vakansiya sayı az, müəllim sayı isə həddindən artıq çoxdur.
Müəllimlərin gələcəkdə işsiz qalmaması üçün hansı addımların atılması vacibdir? Xarici ölkələrdən müəllimlər üçün tətbiq olunan hansı modellərdən istifadə edə bilərik?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Əməkdar müəllim Sona Əliyeva bildirib ki, pedaqoji ixtisaslarda qəbul planı real əmək bazarına uzlaşdırılmalıdır:
"Məncə, burada artıq hər il eyni problemi müzakirə etmək yox, onun səbəbini aradan qaldırmaq lazımdır. MİQ-də vakansiya azdırsa, bunu yalnız müəllimlərin problemi kimi təqdim etmək düzgün deyil. Çünki bu gəncləri həmin ixtisasa qəbul edən də, illərlə hazırlayan da təhsil sistemimizdir. Yalnış olan da odur ki, müəllimə olan ehtiyac universitetə qəbul zamanı deyil, məzun MİQ-yə gələndə hesablanır. Halbuki dörd il əvvəl bilmək mümkündür ki, hansı fənn üzrə nə qədər müəllim lazım olacaq.
Pedaqoji ixtisaslarda qəbul planı real əmək bazarına uzlaşdırılmalıdır. Hansı fəndə artıq kadr varsa, qəbul azaldılmalı, ehtiyac olan istiqamətlərə isə vakansiyalar artırılmalıdır. Bununla yanaşı, abituriyentə də açıq məlumat verilməlidir ki, seçdiyi ixtisas üzrə qarşıdakı illərdə iş perspektivi necə görünür. Digər problem müəllim hazırlığının çox dar çərçivədə qalmasıdır.
Gəncə dörd il yalnız məktəb müəllimi olmağı öyrədib, sonra “vakansiya yoxdur” demək onun taleyi ilə oynamaq deməkdir:
"Ona görə də, pedaqoji təhsil sadəcə, müəllimlik peşəsi ilə məhdudlaşmamalı, tələbəyə gələcəkdə təlim dizaynı, rəqəmsal təhsil, qiymətləndirmə, təhsil analitikası və digər təhsil sahələrində işləmək imkanı da verməlidir.
Təcrübə göstəriri ki, bəzi regionlarda müəllim çatışmazlığı qalsa da, oradakı vakant yerləri tam doldurmaq olmur; insanları həmin bölgələrdə işləməyə cəlb etmək üçün real sosial və maddi şərtlər yaradılmalıdır.
Xarici təcrübəyə diqqət yetirsəniz görərsiniz ki, müəllim hazırlığı əmək bazarından ayrı planlaşdırılmır. Bizdə isə hələ də müəllim namizədi yalnız universitet hazırlayır, MİQ isə kadr olaraq neçə nəfərin lazım olduğunu müəyyənləşdirir. Bu ardıcıllıq dəyişməlidir. Yoxsa, həmişəki kimi, hər il minlərlə gənci eyni problemlə qarşı-qarşıya qoyacağıq. Artıq gec də olsa, müəllim kadrları ehtiyaca uyğun planlaşdırılmalıdır".