Azedu.az

Nəhəng dövlətlərin tələbələri oxumaq üçün Azərbaycanı seçirlər - İlginc səbəblər

Elm və təhsil

14 Sentyabr 2026, 12:12
Nəhəng dövlətlərin tələbələri oxumaq üçün Azərbaycanı seçirlər - İlginc səbəblər

2025-2026-cı tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbə təhsil alıb. Azərbaycanı təhsil üçün seçən tələbələrin coğrafiyası yalnız Asiya və Afrika ölkələri ilə məhdudlaşmayıb.

Türkiyə, Çin, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda ilə yanaşı, Böyük Britaniya, Almaniya, Niderland Krallığı, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər də Azərbaycan universitetlərində təhsil alıblar. Bu göstəricilər Azərbaycanın ali təhsilinin xarici tələbələr üçün müəyyən cəlbediciliyə malik olduğunu göstərir.

Bəs əcnəbi tələbələrin Azərbaycan universitetlərini seçməsində hansı amillər əsas rol oynayır? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən fəlsəfə doktoru, Azərbaycanın Gənc Alimi, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov xarici tələbələrin Azərbaycan universitetlərini seçməsinin əsas səbəblərindən danışıb:

189103

"Müasir dünyada ali təhsilin beynəlxalq səviyyəyə qaldırılması ölkələrin dünyadakı nüfuzunu artırır və iqtisadiyyatın inkişafına birbaşa təsir göstərir. Azərbaycanın ali təhsil müəssisələrində dünyanın 120-yə yaxın ölkəsindən, o cümlədən təkcə Asiya və Afrika regionlarından deyil, həm də Böyük Britaniya, Almaniya, Niderland, ABŞ və Kanada kimi inkişaf etmiş dövlətlərdən gənclərin təhsil alması ölkəmizin regionda mühüm bir təhsil mərkəzinə çevrildiyini sübut edir. Bu göstərici həm də ölkədə aparılan təhsil islahatlarının və keyfiyyət dəyişikliklərinin əyani sübutudur.

Xarici tələbələrin Azərbaycan universitetlərini seçməsində bir neçə əsas səbəb mühüm rol oynayır. Birincisi, ölkəmizin fərqli mədəniyyətlərdən olan gənclər üçün təklif etdiyi tolerant, multikultural və qonaqpərvər mühitdir. İkincisi, xüsusilə dünyadakı hərbi-siyasi konfliktlər, dini, milli və irqi ayrıseçkilik fonunda ölkəmizdəki yüksək təhlükəsizlik və daxili sabitlik faktorudur. Üçüncüsü, inkişaf etmiş Qərb ölkələri ilə müqayisədə təhsil haqlarının, yaşayış, nəqliyyat və qidalanma xərclərinin çox uyğun olması xarici tələbələr üçün cəlbediciliyi artırır. Dördüncü faktor kimi tibb, neft-qaz, kimya, mühəndislik və texnologiya kimi sahələrdə keyfiyyətli ingilisdilli proqramların mövcudluğu göstərilə bilər".

Əcnəbi tələbələrin sayını daha da artırmaq və bu uğurlu gedişatı qorumaq üçün bir sıra sistemli addımların atılmasına ehtiyac var:

"Azərbaycanın təhsil sisteminin digər ölkələrlə rəqabətdə əsas üstünlükləri sırasına ölkəmizin Avropa təhsil məkanına tam inteqrasiyası daxildir ki, bu da diplomların beynəlxalq səviyyədə tanınmasını və tələbə mübadiləsini asanlaşdırır. Həmçinin, dövlət proqramları çərçivəsində xarici ölkələrin qabaqcıl universitetləri ilə birgə yaradılan ikili diplom proqramları, müxtəlif beynəlxalq qurumların xətti ilə və "Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı" çərçivəsində ayrılan dövlət təqaüdləri, eləcə də universitetlərin müasir kampus və texnoloji laboratoriya təminatı Azərbaycanı xarici tələbələr üçün cəlbedici edən mühüm amillərdir.

Bununla belə, əcnəbi tələbələrin sayını daha da artırmaq və bu uğurlu gedişatı qorumaq üçün bir sıra sistemli addımların atılmasına ehtiyac var. İlk növbədə, universitet proqramlarının dünyada tanınan beynəlxalq qurumlar tərəfindən rəsmi qeydiyyata alınması (akkreditasiyası) sürətləndirilməli və ali məktəblərimizin qlobal reytinqlərdə ilk 500-lüyə daxil olması üçün elmi tədqiqat fəaliyyətləri gücləndirilməli, "Study in Azerbaijan" platformasının xaricdə təbliği daha da genişləndirilməlidir".

Xarici tələbələr gələcəkdə Azərbaycanın xoşməramlı səfirlərinə çevrilə bilərlər:

"Hüquqi və inzibati sahədə xarici tələbələr üçün viza proqramı tam elektronlaşdırılmalı, miqrasiya sənədlərinin rəsmiləşdirilməsi sadələşdirilməli və tələbələrə dərslərdən kənar vaxtlarda qanuni şəkildə qısamüddətli işləmək hüququ verilməlidir. Universitetlərin daxilində isə xarici tələbələrin qarşılanması və yerləşdirilməsi ilə məşğul olan beynəlxalq şöbələrin iş keyfiyyəti artırılmalı, onlara psixoloji və hüquqi dəstək xidmətləri göstərilməli və yeni müasir yataqxanalar tikilməlidir.

Düşünürəm ki, hədəf seçilən yeni regionlarda rəqəmsal reklam imkanlarından geniş istifadə olunmalı və Azərbaycandan məzun olub öz ölkəsinə qayıdan gənclərlə sıx əlaqələr saxlanılmalıdır. Mövcud üstünlükləri bu cür praktiki addımlarla gücləndirməklə Azərbaycan gələcəkdə həm təhsil sahəsindən gələn gəlirlərini artıra, həm də dünya miqyasında ölkəmizi müsbət tərəfdən tanıdan, ölkəmizin xoşməramlı səfirləri və dostları olacaq güclü bir məzun şəbəkəsi formalaşdıra bilər".

 

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox