https://www.zirve.edu.az/
03.04.2018 06:18
“Məni sevdiyiniz üçün sizə minnətdaram” - Mələklər dünyasından REPORTAJ

“Hər dəfə fərqli rəqs etsəm də, yaşıdlarımla rəqs etməyi sevirəm. Yetər ki istədiyim mahnını çalın”.

Bu, autizm sindromundan əziyyət çəkən bütün uşaqların gözlərindən oxunan ifadələrdir. Onlar bəzən, özlərini anlatmaq üçün əllərindən gələni etsələr də, biz onları başa düşməkdə çətinlik çəkirik.

Autizm uşağı cəmiyyətdən, ünsiyyətdən, göz təmasından ayıran travmatik, psixoloji problemdir.

  1. Hər il aprel ayının 2-si bütün dünyada autizm günü kimi qeyd olunur. Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunub. Bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, ölkəmizdə də Autizm Günü geniş miqyasda qeyd edilir.

Bir autistin dilindən: “Canım atam, canım anam. Məni qarşılıqlı sevdiyiniz üçün sizə minnətdaram”.

  1. Autizmin əlamətləri əsasən, iki yaşından etibarən, özünü göstərməyə başlayır. Sindrom özünü içinə qapanma, real həyatdan uzaqlaşma kimi hallarla təzahür etdirir. XXI əsrin böyük bəlası sayılan autizm daha çox uşaqların nitq və davranışlarındakı pozuntularla müşayiət olunur. Uşaq öz yaşına uyğun olmayan jest və mimikalardan istifadə edir.

Bir autistin dilindən: “Əslində, dediklərinizi anlamasam belə, üz ifadələrinizdən və hərəkətlərinizdən nə demək istədiyiniz hiss edirəm”.

  1. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, dünyada 70 milyondan çox autizm xəstəsi qeydə alınıb. Azərbaycanda ilk dəfə autizm diaqnozunun qoyulması 2000-ci ilə aiddir. Qeyri-rəsmi məlumatlara əsasən, hazırda ölkədə, təxminən, 5000 autizmli xəstə var. Təəssüf ki, Azərbaycan autizmli uşaqların sayının artımına görə dünya ölkələri arasında ilk sıralardadır.
  2. Artıq 6 ildir autizmli uşaqlarla məşğul olan Rəfiqə Xəlilova deyir ki, autistlər başqaları ilə ünsiyyət qurmağa çətinlik çəkirlər:

“ Onlar üçün yaradıcı oyunlar təşkil olunsa da, bu oyunları, demək olar, oynaya bilmirlər. Bu uşaqlar müəyyən yaş dövrünə qədər dəyərləndirmədən keçirlər. Əgər 10 yaşlı uşaq hələ də, 6 yaşlı uşağın psixologiyasına sahiblənə bilməyibsə, o, məktəbə qəbul ola bilmir. Yalnız bağça və məktəbəqədər təhsilə cəlb olunur ”.

Autist uşaqların valideynlərini Tanrı özü görəvləndirib. Lakin gənc müəllimlər özləri bu yolu seçərək autizmli uşaqlarla öz səbrlərini nümayiş etdirirlər.

  1. "Light It Up Blue" layihəsi 2010-cu ildən etibarən, hər il nüfuzlu autizm tədqiqat və təhsil təşkilatı olan Autism Speaks ("Autizm danışır") təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Kampaniya çərçivəsində dünyada məşhur abidələr və görkəmli yerlər 2 aprel tarixində mavi rəngdə işıqlandırılır. Bu yerlər arasında İsa peyğəmbərin Braziliyanın Rio de Janeyro şəhərindəki nəhəng heykəli, Torontodakı CN Tower qülləsi, Nyu Yorkdakı Empire State Building və Niaqara şəlaləsi də var.

Bir autistin dilindən: “Rəngimiz ona görə mavidir ki, biz sizin ağ-qara dünyanızı rəngləndiririk”.

  1. Yusifin anası Lalə xanım deyir ki, mən Yusifi psixoloji mərkəzə gətirəndə o, bir kəlmə belə danışa bilmirdi. Şahidi olduq ki, Yusif artıq şeir də deyə bilir. O şeiri sözlərilə tam ifadə edə bilməsə də, mimikalar və jestləri ilə bizə şeiri izah etməyi bacarırdı. Yusif həm də bizim üçün 1-dən 10-a qədər sayaraq , sanki digər uşaqlardan heç də fərqlənmədiyini sübut edirdi. Lalə xanım deyir ki, onlar 6 aylıq irəliləyişi, 3 aya əldə ediblər:

“ Yusifin 6 yaşı tamamdır. Məktəbə qoymaq fikrim var, lakin Yusif, təəssüf, buna hələ tam hazır deyil. Mən istəyirəm ki, oğlum ümumitəhsil müəssisələrində inklüziv təhsil alsın ”.

  1. 7 yaşlı Murad artıq bu il sənədlərini məktəbə təqdim edib. Sentyabrdan məktəbə getməyə hazırlaşan Muradın valideynləri, övladranın sentyabra qədər özünü daha da inkişaf etdirəcəyinə inanırlar.

Bir autistin dilindən: “Mən də hər kəs kimi təhsil almaq istəyirəm”.

  1. Hacı Nuran son illər bu sindromdan əziyyət çəkən uşaqların sayının artmasını təəssüflə qarşılayır. O qeyd edir ki, autizmlə məşğul olan mərkəzlərin sayının günü-gündən artması elə autizmli xəstələrin artımına işarədir.

“Belə uşaqların təhsili, nitq inkişafı ilə məşğul olan bir neçə mərkəz var ki, onların təşəbbüsünü yüksək qiymətləndirirəm. Təbii ki, kiçik mərkəzlərin fəaliyyət göstərməsi çox gözəldir. Bu sindromdan əziyyət çəkənlər üçün dövlət səviyyəsində, ümumi təhsil müəssisə inşa olunmalıdır. Xaricdə belə uşaqlara xüsusi diqqət göstərilir, hətta uşaqları evdən götürüb məktəbə aparır, dərsk bitdikdən sonra isə evə buraxırlar”.

Foto: İsmət Paşa