Son illər subbakalavrların ali təhsil müəssisələrinə qəbul imkanları ilə bağlı müəyyən dəyişikliklər müşahidə olunur. Cari ildə də bu istiqamətdə yeni mənzərə formalaşıb.
Xatırladaq ki, DİM tərəfindən 150 balla qəbulun mümkün olduğu ixtisasların sayı artırılıb. Həmin ixtisasların bir qisminin subbakalavrların üstünlük verdiyi istiqamətləri əhatə etməsi də diqqət çəkir. Bu isə kollec məzunlarının imtahansız şəkildə ali təhsil müəssisələrinə qəbul imkanlarının əhəmiyyətli dərəcədə azalması məsələsini gündəmə gətirir.
Bu halda sual yaranır ki, gələcəkdə subbakalavrların ümumiyyətlə ali məktəbə qəbulu dayandırıla bilərmi?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, ölkəmizdə kollec təhsilinə yanaşma daha çox ali məktəbə qəbul olunmaq üçün bir vasitə xarakteri daşıyır:
"Son dövrlərdə subbakalavrların ali təhsil müəssisələrinə qəbulu ilə bağlı müəyyən çətinliklər ortaya çıxır. Ali məktəblərin subbakalavr qəbuluna yanaşması kəskin şəkildə dəyişib. Artıq bəzi universitetlər digər tələbələrlə rəqabət aparmaqda çətinlik çəkdikləri arqumentini əsas gətirərək subbakalavrların qəbulunun məhdudlaşdırılması ilə bağlı xüsusi müraciətlər ediblər.
Xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti 2024-2025-ci tədris ili üzrə kənardan subbakalavr qəbulunu dayandırdıqlarını, yalnız öz nəzdində fəaliyyət göstərən kolleclərin məzunlarını qəbul edəcəklərini bəyan ediblər. Bu vəziyyət digər kolleclərin məzunları üçün ciddi maneələr yaradır.
Ölkəmizdə kollec təhsilinə yanaşma daha çox ali məktəbə qəbul üçün bir vasitə xarakteri daşıyır. Çünki mövcud əmək bazarında kollec diplomunun rəqabət gücü zəifdir və bu diplom məzunlara geniş iş imkanları vəd etmir. Əmək bazarında diqqətin daha çox peşə təhsili mərkəzlərinə yönəlməsi də kollecləri müəyyən qədər kənarda saxlayır. Hazırda kolleclərin idarəetməsi, tədris proqramları və təhsil prosesi ilə bağlı müəyyən islahatlar aparılsa da, bu dəyişikliklərin onların əmək bazarındakı mövqeyini nə dərəcədə yaxşılaşdıracağı hələ də sual altındadır.
Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusilə I və II ixtisas qrupları üzrə 150 ballıq ixtisasların və plan yerlərinin artırılması subbakalavrların vəziyyətini daha da mürəkkəbləşdirib. Abituriyentlər arasında 150 və daha yüksək bal toplayanların sayının çox olması subbakalavrların ali məktəblərə qəbul imkanlarını daha da məhdudlaşdırır. Bu səbəbdən hətta orta və yüksək bal göstəricilərinə malik subbakalavrlar arasında da narahatlıq yaranır.
Bu tendensiya davam edərsə, yaxın illərdə subbakalavrlar üçün kollec diplomunun mövcud vəziyyətdə kifayət etməsi, lakin həmin diplomun əmək bazarının tələblərinə tam cavab verməməsi və ali təhsilə keçidi təmin etməməsi kollec məzunlarını iki tərəfli çıxılmaz vəziyyətlə qarşı-qarşıya qoya bilər”.