2026-cı ilin 14 avqust tarixində Mingəçevir Dövlət Universitetində əməkdaşların elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, elmi nəticələrin ölçülməsi və beynəlxalq reytinq sistemləri üzrə məlumatlılığın artırılması məqsədilə “Elmi metrik göstəricilər, reytinqlər və dayanıqlı inkişaf: Performansın qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
AzEdu.az xəbər verir ki, MDU-nun akt zalında təşkil olunan seminarın təlimçisi Bakı Dövlət Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Asiman İlyasov olub.
Universitetin akademik və inzibati heyətinin iştirak etdiyi seminarda müasir ali təhsil sistemində elmi fəaliyyətin ölçülməsi və qiymətləndirilməsində istifadə olunan əsas metrik göstəricilər, onların mahiyyəti və tətbiq imkanları barədə ətraflı məlumat verilib. Elmi məhsuldarlığın yalnız nəşrlərin sayı ilə deyil, onların keyfiyyəti, sitat göstəriciləri, elmi təsir imkanları və beynəlxalq elmi dövriyyədə görünürlüğü əsasında qiymətləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Təlim zamanı elmi metrik göstəricilər və əsas anlayışlar, tədqiqatçıların və ali təhsil müəssisələrinin elmi performansının qiymətləndirilməsi, beynəlxalq elmi bazalarda görünürlüyün artırılması və elmi nəticələrin düzgün təqdim olunması istiqamətləri müzakirə edilib.
Seminarın əsas mövzularından biri də beynəlxalq universitet reytinqləri və onların qiymətləndirmə metodologiyaları olub. Asiman İlyasov müxtəlif beynəlxalq reytinq sistemlərində istifadə olunan göstəricilərin universitetlərin akademik, elmi, institusional və ictimai fəaliyyətlərinin qiymətləndirilməsində rolundan bəhs edib. Reytinq göstəricilərinin ali təhsil müəssisələrinin inkişaf strategiyalarının formalaşdırılması, fəaliyyət nəticələrinin müqayisəli təhlili və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından əhəmiyyəti izah olunub.
Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) ali təhsil müəssisələrinin fəaliyyətinə inteqrasiyası məsələlərinə də xüsusi diqqət ayrılıb. Universitetlərin təhsil və elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, sosial təsir, ətraf mühitə məsuliyyətli yanaşma, tərəfdaşlıqlar, inklüzivlik və dayanıqlı inkişaf təşəbbüsləri üzrə fəaliyyətlərinin beynəlxalq qiymətləndirmə sistemlərində artan rolu barədə məlumat verilib.
Təlim çərçivəsində performansın qiymətləndirilməsinə müasir və strateji yanaşmalar da nəzərdən keçirilib. Akademik və institusional göstəricilərin sistemli şəkildə izlənilməsi, məlumatların düzgün toplanılması və təhlili, əldə olunan nəticələr əsasında inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və davamlı təkmilləşdirmə mexanizmlərinin qurulmasının vacibliyi vurğulanıb.
Asiman İlyasov mövzular üzrə praktik nümunələr təqdim edib, iştirakçıların suallarını cavablandırıb və elmi fəaliyyətin nəticələrinin beynəlxalq standartlara uyğun şəkildə ölçülməsi və təqdim olunması ilə bağlı tövsiyələrini bölüşüb.
İnteraktiv müzakirələrlə davam edən seminar zamanı iştirakçılar elmi fəaliyyətin qiymətləndirilməsi, beynəlxalq reytinqlərin metodoloji xüsusiyyətləri, universitetlərin dayanıqlı inkişaf göstəricilərinin təkmilləşdirilməsi və institusional performansın yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində akademik heyətin elmi-tədqiqat potensialının inkişaf etdirilməsi, beynəlxalq elmi məkanda görünürlüğün gücləndirilməsi, institusional performansın təkmilləşdirilməsi və dayanıqlı inkişaf prinsiplərinin universitet fəaliyyətinə daha geniş inteqrasiyası istiqamətində maarifləndirici və peşəkar inkişaf tədbirlərinin təşkili davam etdirilir.