Azedu.az

"Şagirdlərim belə 30 balı yığardı" - sertifikasiyadan 59 bal toplayan müəllim

Sertifikasiya

30 İyun 2026, 13:43
"Şagirdlərim belə 30 balı yığardı" - sertifikasiyadan 59 bal toplayan müəllim

Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başa çatıb.

Cəlilabad rayonu Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi Vüqar Əzimov sertifikasiya imtahanından 59 bal toplayıb.

AzEdu.az bu münasibətlə Vüqar müəllimin təəssüratlarını öyrənib. 

Nəticəmin 60 bal olacağını gözləyirdim:

“Sertifikasiya imtahanından 55-dən yuxarı, hətta 60 tam bal toplayacağıma əvvəlcədən tam əmin idim və özümə güvənirdim. Nəticədə 59 bal topladım. Yalnız bir sualda iki cavab variantı arasında tərəddüd edib variantı dəyişdiyim üçün maksimum nəticəni bir balla qaçırdım.

Bir az narahat oldum ki, niyə 60 bal toplaya bilmədim. Çünki imtahan suallarını çox dəqiqliklə işləmişdim. Sualları həm sürətlə cavablandırır, həm də hər birinə diqqətlə yanaşırdım. Məsələn, hər suala bir dəqiqədən də az vaxt sərf edirdim. Buna baxmayaraq, çalışdım ki, bütün cavablarımı maksimum dəqiqliklə yazım. Sadəcə, bir sualda seçim zamanı tərəddüd yaşadım.

Sualların çətinlik səviyyəsi normal, MİQ imtahanındakı suallara bənzər idi. Asan deyildi, amma çətin də deyildi. Əsasən diqqət tələb edən suallar idi. Hesab edirəm ki, topladığım nəticədə həm diqqətimin, həm də uzun illər ərzində qazandığım bilik və təcrübənin böyük rolu oldu”.

Hər gün məktəbə 20 km yol gedərək şagirdlərimi gələcəyə hazırlamağa çalışıram:

“İmtahana özüm hazırlaşdım, əlavə hazırlığa ehtiyacım olmadı. Əvvəllər də diaqnostik qiymətləndirmədə və MİQ imtahanında yüksək nəticələr əldə etmişdim. Uzun illərdir bu sahədə çalışıram. Sadəcə, bir müddət sinifdən uzaq qalmış, məktəbdə direktor müavini və təşkilatçı vəzifələrində işləmişdim.Bu yaxınlarda MİQ imtahanından uğurla keçərək yenidən müəllim kimi fəaliyyətimi davam etdirmişəm.

Hər gün təxminən 20 km məsafə qət edirəm. Şəxsi avtomobilim olsa da, şaxtalı və buzlu hava şəraitində belə bu yolu gedərək şagirdlərimə dərs deməyə çalışıram. Məqsədim onları həvəslə gələcəyə hazırlamaqdır. İşimə böyük məsuliyyət və həvəslə yanaşıram.

Hazırlıq prosesində əsasən testlərdən istifadə etmişəm. Müxtəlif nəşriyyatların və kursların hazırladığı testləri oxuyur, analiz edir, yeni tipli sualları mütəmadi olaraq işləyirdim. Hər bir testi necə daha düzgün həll etməyin yollarını təhlil edir, çatışmazlıqlarımı özüm müəyyənləşdirib aradan qaldırırdım. Hətta sosial şəbəkələrdə, o cümlədən TikTok-da paylaşılan testləri də saxlayıb işləyirdim ki, müxtəlif sual tipləri ilə tanış olum.

MİQ imtahanında diqqətsizlik səbəbindən sadə suallarda səhvlər etmişdim. Bu dəfə isə həmin səhvlərdən nəticə çıxararaq bütün sualları çox diqqətlə işlədim. Elə suallar var idi ki, onları dəfələrlə oxuyur, cavablarımı yenidən yoxlayırdım. Məqsədim mümkün olan ən yüksək nəticəni əldə etmək idi”.

Mənim dərs dediyim şagirdlər belə 30 balı toplaya bilərdilər:

“İbtidai sinif müəllimləri arasında keçid balını toplaya bilməyən həmkarlarım barədə kəskin fikir bildirməyi düzgün hesab etmirəm. Lakin düşünürəm ki, müəllimdə ən azı baza bilikləri mütləq olmalıdır.Hətta deyə bilərəm ki, mənim dərs dediyim şagirdlər belə 30 balı toplaya bilərdilər.

Eyni zamanda hesab edirəm ki, burada əsas amillərdən biri imtahan həyəcanıdır. Ola bilər ki, bu il keçid balını toplaya bilməyən müəllim növbəti illərdə daha yüksək nəticə göstərə bilsin. İmtahan zamanı da bunun şahidi oldum; salonda bəzi müəllimlərin açıq şəkildə həyəcanlı olduğu görünürdü. Məncə, bu hal bilik çatışmazlığından çox, psixoloji gərginliklə bağlıdır.

Ümumilikdə nəticəsi aşağı olan müəllimlərin vəziyyətini daha çox bu amillə əlaqələndirirəm. Çünki ibtidai sinif müəllimlərinin əksəriyyəti əvvəlki illərdə MİQ imtahanından keçərək işə qəbul olunublar və müəyyən baza biliklərinə malikdirlər. Bu il üç illik müddəti tamam olub qiymətləndirməyə cəlb olunan, lakin keçid balını toplaya bilməyən müəllimlərin nəticəsini də əsasən imtahan həyəcanı ilə izah etmək olar”.

Uzun illər ərzində nəticə göstərə bilməyən müəllimlər üçün artıq təhsildə güzəşt olmamalıdır:

“Sertifikasiyadan uğurla keçən hər bir müəllimi savadlı müəllim hesab edirəm. Savadlı müəllim isə öz biliyini yalnız özü üçün saxlamır, onu şagirdlərinə ötürür. Bu, mütləq olmalıdır. Mənim fikrimcə, bu proses daha da tələbkar olmalıdır. Uzun illər ərzində nəticə göstərə bilməyən müəllimlər üçün artıq təhsildə güzəşt olmamalıdır. Çünki söhbət övladlarımızın və şagirdlərimizin gələcəyindən gedir.

Sertifikasiya və MİQ imtahanlarını müsbət qiymətləndirirəm. Bu imtahanlar təhsilin keyfiyyətinin yüksəlməsi baxımından vacibdir və mütləq şəkildə davam etdirilməlidir. Təbii ki, hər bir sahədə olduğu kimi burada da müəyyən nöqsanlar ola bilir.

Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri üzrə vakansiyaların sayı daha az, müəllim sayı isə daha çoxdur. Digər fənlərdə isə əksinə, vakansiya çox, müəllim sayı az ola bilir. Bu balansın gələcəkdə tənzimlənməsi məqsədəuyğun olardı. Əvvəllər müəyyən ixtisas dəyişmə imkanları mövcud idi. Hesab edirəm ki, bu yanaşma yenidən tətbiq olunsa, daha faydalı olar. Məsələn, ibtidai sinif müəllimi işləsə də, özünü başqa sahədə daha uğurlu göstərə bilən müəllim ola bilər. Bu halda kimya və ya digər fənn üzrə ixtisas dəyişmə imkanı müəllimlər üçün əlavə fürsət yaradar. Bu cür yanaşma mövcud balanssızlığın aradan qaldırılmasına kömək edə bilər.

Eyni zamanda hesab edirəm ki, 50-51 bal toplayan müəllimlə 59 bal toplayan müəllim arasında böyük fərq yoxdur. Bu, daha çox bir neçə sualın düzgün cavablandırılıb-cavablandırılmaması ilə bağlıdır. Belə hallarda bəzən bilik deyil, imtahan həyəcanı və situasiyadakı psixoloji vəziyyət həlledici rol oynaya bilər. Ona görə də müəllimin ümumi fəaliyyəti və praktik bacarığı da nəzərə alınmalıdır”.

Hər bir müəllim özünü inkişaf etdirmək üçün təcrübəli, yüksək nəticə göstərən müəllimlərdən  öyrənməlidir:

“Yüksək bal toplamaq üçün kurikulumda ön plana çıxan əsas anlayış metakoqnitiv bacarıqlardır, yəni öz üzərində işləmək bacarığıdır. Məncə, hər bir müəllim özünü inkişaf etdirmək üçün həm təcrübəli, yüksək nəticə göstərən müəllimlərdən öyrənməli, həm də öz yolunu formalaşdırmalıdır.

Mən özüm də bu nəticəni əldə etmək üçün əvvəlcədən müəyyən bir strategiya qurmuşdum: suallara yanaşma tərzi, vaxt bölgüsü və ümumi hazırlıq planı üzərində işləyirdim. Bu prosesdə ən vacib amillər diqqət, məsuliyyətli yanaşma və düzgün vaxt idarəetməsidir.

Eyni zamanda hesab edirəm ki, yalnız bilik kifayət etmir. Müxtəlif tipli testlər üzərində mütəmadi işləmək, sualları analiz etmək və vaxt məhdudiyyəti ilə məşq etmək yüksək nəticə üçün vacibdir. Bu yanaşma həm sürəti, həm də dəqiqliyi artırır və ümumi nəticəyə birbaşa təsir göstərir”.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox