Həyat yoldaşları sertifikasiyada yüksək nəticə göstərdilər.
Belə ki, informatika müəllimləri Cəmil Xəlilzadə və həyat yoldaşı Aysel Ramazanova Xəlilzadə müəllimlərin sertifikatlaşdırılması prosesində müvafiq olaraq 57 və 51 bal toplayıblar.
Hazırda Yardımlı rayonunun ucqar kənd məktəblərindən birində fəaliyyət göstərən Cəmil Xəlilzadə AzEdu.az-a açıqlamasında bildirib ki, imtahanda ixtisas sualları əsasən proqrama uyğun tərtib olunub və ciddi çətinlik yaratmayıb.
“Ümumilikdə imtahan prosesində ixtisas suallarında uyğunluq prinsipi qorunmuşdu. Çox çətinlik çəkmədim. Metodika sualları isə nisbətən çaşdırıcı idi. Çox şükür ki, nəticə yaxşı oldu.
Hazırlıq müddətində yoldaşım mənə çox dəstək oldu. Şükür olsun ki, hər ikimiz yaxşı nəticə göstərdik. Hazırlıq prosesində yeni biliklər əldə etdik, müxtəlif yeniliklərlə tanış olduq. Hər ikimizin yüksək nəticə göstərəcəyinə inanırdım və yoldaşımı da daim motivasiya etməyə çalışırdım.
Mən müəllimin imtahan olunmasına normal yanaşıram. Müasir təhsildə bu, zəruridir. Nəticələrə baxdıqda da fərqləri görmək mümkündür. İnkişafa və yeniliyə açıq olan müəllim imtahandan qorxmamalıdır”.
Qeyd edək ki, Cəmil Xəlilzadə artıq 4 ildir müəllimlik fəaliyyəti ilə məşğuldur.
Həyat yoldaşı Aysel Ramazanova Xəlilzadə isə bildirib ki, sertifikasiya imtahanında 51 bal toplayıb və nəticədən razıdır.
“İmtahan çox şəffaf keçdi. Açığı, bu nəticəni gözləyirdim. İxtisas sualları sadə idi. Düşünürəm ki, maksimum 5 sual bir qədər düşündürücü ola bilərdi. Digər suallar isə məktəbdə çalışan hər bir müəllimin rahatlıqla cavablandıra biləcəyi səviyyədə idi.
Son günlərdə yoldaşım iki işdə çalışdığı üçün çox hazırlaşa bilmirdi. Amma son bir-iki həftədə çiyin-çiyinə hazırlaşdıq. Çətin hesab etdiyimiz mövzuları birlikdə müzakirə edir, qarşımıza çıxan sual tiplərini bir-birimizlə bölüşürdük. Həqiqətən də yaxşı hazırlaşmışdıq.
Hər bir müəllim öz üzərində işləməlidir. Bu imtahan bizə göstərdi ki, əslində çox şeyi bilirik, sadəcə istifadə etmədiyimiz bilikləri zamanla unuduruq. Hazırlıq prosesi həmin bilikləri yenidən xatırlamağa və gözdən qaçan məqamları görməyə kömək edir”.