104 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesinə 2022-ci ildə start verilib. Onun sözlərinə görə, ilk mərhələdə Bakı, Sumqayıt, Abşeron, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının ibtidai sinif müəllimləri, həmçinin Gəncə şəhərinin müəllimləri sertifikatlaşdırmaya cəlb olunublar.
Emin Əmrullayev qeyd edib ki, sonrakı mərhələlərdə proses digər regionların ibtidai sinif müəllimlərini, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimlərini əhatə edib. Bu il isə tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimlərinin sertifikatlaşdırılması həyata keçirilib.
Nazirin sözlərinə görə, 2022-2026-cı illər ərzində ümumilikdə 104 min 435 müəllim ən azı bir dəfə sertifikatlaşdırma prosesində iştirak edib.
“Bu, müəllimlərin sayıdır. Təbii ki, elə müəllimlər var ki, onlar sertifikatlaşdırmada iki dəfə iştirak ediblər. Lakin 104 min 435 müəllim artıq bu prosesə cəlb olunub və bu rəqəm demək olar ki, ölkədəki bütün müəllim kontingentini əhatə edir”.
Emin Əmrullayev əlavə edib ki, 60 yaşdan yuxarı müəllimlər sertifikatlaşdırmada könüllü əsaslarla iştirak edirlər. Həmçinin işə yeni başlayan və qanunvericiliyə uyğun olaraq istisna qrupa daxil edilən müəllimlər bu statistikaya daxil edilməyib. Buna baxmayaraq, proses Azərbaycan müəllimlərinin böyük əksəriyyətini əhatə edib.