"Direktor seçimi təhsil sistemində ən kritik mərhələlərdən biridir".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri məktəb direktorlarının düzgün seçilməsidir. Onun sözlərinə görə, hər yaxşı müəllimdən yaxşı direktor yetişməsi mütləq deyil və bəzən bu yanaşma həm yaxşı müəllimin itirilməsinə, həm də zəif idarəçinin formalaşmasına gətirib çıxarır.
Emin Əmrullayev qeyd edib ki, məktəb idarəçiliyində bacarıqlı, vicdanlı və peşəkar kadrların yer alması vacib şərtdir. Onun sözlərinə görə, müəllimlikdən birbaşa direktor vəzifəsinə keçid hər zaman effektiv nəticə vermir və bu prosesdə müəyyən idarəçilik təcrübəsinin formalaşması zəruridir.
Nazir vurğulayıb ki, keyfiyyətli direktor heyətinin formalaşması üçün güclü direktor müavinləri və metodistlər bazası olmalıdır. Onun sözlərinə görə, bu struktur zənciri düzgün işləmədikdə idarəetmədə səhv ehtimalı yüksək olaraq qalır.
Emin Əmrullayev əlavə edib ki, hazırda sertifikatlaşdırma və imtahanlar müəllimlərin fənn bilik səviyyəsini müəyyən edən əsas mexanizmlərdən biridir və sistemdə təxminən 20–30 min müəllimin real bilik səviyyəsini izləmək mümkündür.
Nazir bildirib ki, gələcək mərhələdə əsas istiqamət dərs dinləmələri və məktəbdaxili tədrisin keyfiyyətinə birbaşa təsir edən mexanizmlərin gücləndirilməsi olacaq.