Kəllənin arxa hissəsində yerləşən beyinciyin yaşla bağlı qeyri-bərabər dəyişməsi insanların qocalıq dövründə niyə fərqli koqnitiv qabiliyyətə malik olduqlarını izah edə bilər. Bəzi insanların dərin qocalığa qədər yüksək yaddaş və təfəkkür aydınlığını qoruması, digərlərinin isə bu qabiliyyətləri sürətlə itirməsinin səbəbi məhz beyinciyin funksiyalarında gizlənə bilər.
AzEdu.az xəbər verir ki, bu barədə "Nature Neuroscience" elmi jurnalında dərc olunan yeni araşdırmada qeyd olunub.
Adətən beyincik hərəkətlərin koordinasiyası, tarazlığın qorunması və xırda motorika ilə əlaqələndirilir. Lakin beyin neyronlarının böyük bir hissəsi məhz burada cəmləşib. Tədqiqatçılar bu strukturun təfəkkür və yaddaş proseslərində də mühüm rol oynadığını ehtimal edirlər.
Neyrobioloqlar 700-dən çox sağlam amerikalının beyin görüntülərini və koqnitiv test nəticələrini təhlil edərək, beyinciyi 11 ayrı sahəyə bölüb və yaşla bağlı bu sahələrin həcmindəki dəyişiklikləri qiymətləndiriblər.
Tədqiqatın nəticələri göstərib ki, beyinciyin qocalma prosesi bərabər getmir: "Mürəkkəb əqli funksiyalara cavabdeh olan arxa hissələr, hərəkətə nəzarət edən ön hissələrə nisbətən daha sürətlə kiçilir".
Araşdırma zamanı məlum olub ki, ahıl yaşlarında beyinciyi nisbətən daha böyük olan şəxslər yaddaş və təfəkkür sınaqlarında daha yüksək nəticələr göstərirlər. Bu tendensiya geniş tibbi bazalarda 47 minə yaxın insanın məlumatları əsasında da öz təsdiqini tapıb. Altsheymer xəstəliyindən əziyyət çəkən şəxslərdə isə xəstəlik irəlilədikcə bu "qoruyucu təsir" tədricən itir. Müəlliflər beyinciyin əqli qabiliyyətləri uzun müddət mühafizə edən bir növ "koqnitiv rezerv" rolunu oynaya biləcəyini vurğulayırlar.
Bununla belə, alimlər qeyd edirlər ki, araşdırma beyincik ölçüləri ilə koqnitiv sağlamlıq arasında birbaşa əlaqə aşkar etsə də, beyinciyin böyüklüyünün yaşlanmanı ləngitməyin əsas səbəbi, yoxsa sadəcə müşayiətedici amil olması hələlik dəqiq deyil.