19 avqust tarixində ixtisas seçimi başa çatdı. Yaxın günlərdə qəbul nəticələrinin elan olunması gözlənilir. Bundan sonra tələbə adını yenicə qazanan gənclər ali təhsil müəssisələrinə üz tutacaqlar. Onların arasında rayonlardan böyük şəhərlərə gələn və daha qapalı xarakterli gənclər də olacaq. Bu dəyişiklik onlar üçün yeni mühitə, universitet həyatına və sosial münasibətlərə uyğunlaşma baxımından müəyyən çətinliklər yarada bilər.
Maraqlıdır, gənclər universitetə, dərslərə və yeni mühitə daha asan uyğunlaşmaq üçün nələr etməlidirlər? Valideynlər bu prosesdə övladlarına necə dəstək olmalıdırlar?
AzEdu.az-a mövzu ilə bağlı tanınmış psixoloq Nizami Orucov danışıb.
Universitetin ilk günlərində özünü yad hiss etmək normaldır, vacib olan zamanla bu mühitin və universitet həyatının bir parçasına çevrilməkdir:

“Universitetə qəbul olmaq gənlərcin həyatında mühüm keçid mərhələsidir. Xüsusilə rayondan böyük şəhərə gələn və ya daha qapalı xarakterli gənclər üçün bu dəyişiklik ilk vaxtlarda müəyyən narahatlıq yarada bilər. Çünki burada təkcə yeni universitet və dərs mühiti deyil, həm də yeni insanlar, yeni sosial münasibətlər və daha çox müstəqilliklə qarşılaşırlar.
İlk növbədə gənclər özlərindən dərhal uyğunlaşmağı gözləməməlidirlər. İlk günlərdə və hətta ilk həftələrdə özünü yad hiss etmək, həyəcanlanmaq, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkmək normaldır. Adaptasiya bir prosesdir və hər kəsdə eyni sürətlə baş vermir.
Xüsusilə daha qapalı xarakterli gənclər üçün “mütləq çoxlu dost tapmalıyam” kimi bir gözlənti əlavə təzyiq yarada bilər. Onlardan bir anda çox sosial olmalarını gözləmək lazım deyil. İlk mərhələdə qrup yoldaşlarından biri ilə tanış olmaq, dərsdə sual vermək, universitet daxilində hansısa fəaliyyətə qoşulmaq kimi kiçik addımlar kifayət edə bilər. Sosial bacarıqlar da digər bacarıqlar kimi təcrübə ilə inkişaf edir”.
Xüsusilə ailəsindən ilk dəfə uzaqda yaşayan gənc üçün darıxmaq və təkliyə alışmaq çətin ola bilər:
“Rayondan gələn gənclər üçün isə şəhər və universitet həyatının praktiki tərəfləri də müəyyən çətinlik yarada bilər. Nəqliyyat, yaşayış, gündəlik xərclər, dərs qrafiki və yeni məsuliyyətlər əvvəlcədən planlaşdırılarsa, bu dəyişiklik daha rahat keçər. Gəncin gündəlik rejim yaratması, yuxu və qidalanmasına diqqət etməsi də adaptasiyada əhəmiyyətlidir.
Valideynlərin də bu mərhələdə münasibəti çox vacibdir. Onlar övladlarının hər addımını nəzarətdə saxlamaq əvəzinə, ehtiyac olduqda dəstək göstərməlidirlər. Davamlı “Dostların var?”, “Niyə heç kimlə danışmırsan?”, “Dərslərin necədir?” kimi sorğular gəncin üzərində əlavə təzyiq yarada bilər. Daha faydalı yanaşma onun necə hiss etdiyini soruşmaq və danışmaq istədikdə onu dinləməkdir.
Eyni zamanda valideyn uşağın əvvəlki mühitdən ayrılmasını da nəzərə almalıdır. Xüsusilə ailəsindən ilk dəfə uzaqda yaşayan gənc üçün darıxmaq və təkliyə alışmaq çətin ola bilər. Müntəzəm, amma həddindən artıq nəzarət etməyən ünsiyyət bu baxımdan faydalıdır. “Nə vaxt gəlirsən?” kimi nəzarət yönümlü suallardansa, “Özünü necə hiss edirsən, sənə necə dəstək ola bilərik?” yanaşması daha sağlamdır”.
Adaptasiya çətinliyi uzun müddət davam edirsə, bunu sadəcə “xarakteri belədir” deyə qiymətləndirmək düzgün deyil:
“Ən əsası isə universitetə başlayan gənc özünü digər tələbələrlə müqayisə etməməlidir. Kimsə ilk gündən böyük dost çevrəsi yarada bilər, digəri isə buna aylarla ehtiyac duya bilər. Kimsə şəhər həyatına tez uyğunlaşır, digəri üçün bu proses daha uzun çəkir. Bu fərqlər normaldır.
Əgər adaptasiya çətinliyi uzun müddət davam edir, gənc davamlı olaraq özünü tək və çarəsiz hiss edir, universitetə getməkdən ciddi şəkildə yayınır və ya güclü təşviş yaşayırsa, bunu sadəcə “xarakteri belədir” deyə qiymətləndirmək düzgün deyil. Belə hallarda psixoloq dəstəyi faydalı ola bilər.
Universitetə başlamağın məqsədi ilk gündən hər şeyi mükəmməl etmək deyil. Gənc özünə zaman verməli, kiçik addımlarla yeni mühitini tanımalı və tədricən öz sosial və akademik ritmini formalaşdırmalıdır. Valideynin əsas rolu isə onun əvəzinə bu prosesi idarə etmək yox, bu prosesdə yanında olduğunu hiss etdirməkdir”.