Azedu.az

Kişi müəllimlərin sayını artırmaq üçün təqaüd ayrılır - Bəs 4 il sonra nə olacaq?

Müəllimlər və elm adamları

21 Avqust 2026, 12:19
Kişi müəllimlərin sayını artırmaq üçün təqaüd ayrılır - Bəs 4 il sonra nə olacaq?

Bakı Slavyan Universiteti yeni tədris ilindən etibarən İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına 450 baldan yuxarı nəticə ilə qəbul olan oğlan tələbələr üçün xüsusi təqaüd ayıracağını açıqlayıb.

Məlum olduğu kimi, Azərbaycanda müəllimlik, xüsusilə də ibtidai sinif müəllimliyi sahəsində kişi müəllimlərin sayı kifayət qədər azdır. Bu nöqteyi-nəzərdən, belə təşəbbüslərin oğlanların müəllimlik peşəsinə marağını artırıb-artırmayacağı maraq doğurur.

Maraqlıdır, oğlan tələbələr üçün nəzərdə tutulan xüsusi təqaüdlər müəllimlik ixtisaslarına marağın artmasına nə dərəcədə təsir göstərə bilər? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib ki, 200 manatlıq təşviq təşəbbüsünün kişi müəllim çatışmazlığının aradan qaldırılmasına təsiri çox-çox az olacaq:

187455

“Bakı Slavyan Universitetinin oğlan tələbələr üçün xüsusi təqaüd ayırması yaxşı təşəbbüsdür. Amma bu təşəbbüs ölkədəki kişi müəllim çatışmazlığı problemini həll etməyəcək. Çünki bu problem o qədər dərin və çoxşaxəlidir ki, 200 manatlıq təşviq təşəbbüsünün təsiri çox-çox az olacaq.

Hamımıza məlumdur ki, Azərbaycanda oğlan uşağına çox erkən yaşdan hansı peşələrin “uğurlu”, hansılarının isə “qadın işi” olduğu aşılanır. Müəllimlik də bu yanaşmadan payını alır. Xüsusilə ibtidai sinif müəllimliyi hələ də cəmiyyətdə daha çox qadın peşəsi kimi qəbul edilir. Bunu dəyişmək üçün isə universitetdə təqaüd vermək kifayət etmir.

Məncə, əsas iş məktəbdən başlamalıdır, amma mediada davam etməlidir. Uşaq kişi müəllimi sinifdə gördükcə bunun qeyri-adi olmadığını qəbul edir. Media isə həmin obrazı cəmiyyət üçün görünən və nüfuzlu etməlidir”.

Kişi müəllimlərin sayını artırmaq istəyiriksə, onlara sadəcə təqaüd yox, gələcək göstərməliyik:

“Amma burada başqa bir reallığı da nəzərə almaq lazımdır. Gənc oğlana “müəllim ol” desək də, onu müəllim etmək, bu sənəti sevdirmək bizim gücümüz xaricindədir. Çünki o, gələcək qazancını, sosial statusunu, karyera imkanlarını da düşünür.

Deməli, kişi müəllimlərin sayını artırmaq istəyiriksə, onlara sadəcə təqaüd yox, müəllimlik ixtisasına yiyələndikdən sonra daha perspektivli gələcək təqdim etməliyik.

Yaxşı maaş, peşəkar inkişaf, karyera yüksəlişi, regionlarda işləyənlər üçün əlavə imkanlar və ən əsası, cəmiyyətdə müəllimə münasibətin dəyişməsi kimi amillər bu peşənin nüfuzuna müsbət təsir edər. Əlbəttə ki, təqaüd yaxşı başlanğıcdır. Lakin maraqlıdır ki, dörd il sonra həmin oğlanlardan neçəsi məktəbə gedəcək və on il sonra neçəsi hələ də müəllim olaraq qalacaq? Əgər bunu ölçə bilmiriksə, deməli, biz problemin özünü yox, yalnız görünən tərəfini həll edirik”.

Putin təcili əmr verdi - Azərbaycanlılar zorla orduya çağırılır!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox