Qazaxıstanda ali təhsil proqramlarının müddətinin qısaldılması planlaşdırılır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Elm və Ali Təhsil naziri Sayasat Nurbek 19 avqustda keçirilən hökumət brifinqində məlumat verib. Onun sözlərinə görə, universitetlərdə daha çevik və hibrid təhsil formatlarına keçid davam etdiriləcək.
Yeni yanaşma çərçivəsində universitetlərə təhsil proqramlarını əmək bazarının tələblərinə uyğun daha sərbəst qurmaq imkanının verilməsi nəzərdə tutulur. Nazir bildirib ki, bu istiqamətdə normativ baza artıq hazırlanıb və pilot layihələr də sınaqdan keçirilib.
Qazaxıstanın bu addımı ali təhsildə ənənəvi dördillik modelin bütün ixtisaslar üçün eyni formada tətbiq edilməsinin yenidən nəzərdən keçirilməsi kimi qiymətləndirilir. Dəyişikliklərin əsas məqsədlərindən biri tələbələrin daha qısa müddətdə əmək bazarına çıxmasına şərait yaratmaqdır.