Universitetə qəbuldan sonra tələbə və ailəsini gözləyən əsas xərclərdən biri təhsil haqqıdır. Son dövrlərdə isə bəzi dövlət universitetlərində bu ödənişlərin bir il ərzində 400-600 manat artması ciddi suallar doğurur. Belə artım xüsusilə eyni ixtisas üzrə əvvəlki və yeni təhsil haqları müqayisə edildikdə daha çox diqqət çəkir.
Bəs bir il ərzində təhsil haqqının bu qədər artmasına səbəb nədir və universitetlər bu məbləği hansı əsaslarla müəyyənləşdirirlər?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələlər universitet tərəfindən tənzimlənməlidir.

“Yəni bu gün istənilən universitet istənilən vaxt təhsil haqqını qaldıra bilməz. Bu, düzgün deyil. Burada ciddi bir sistemsizlik və nəzərəçarpacaq fərq özünü göstərir. Elə buna görə də eyni ixtisas üzrə təhsil haqqı bir universitetdə bir qiymətə, digərində isə başqa qiymətədir.
Həqiqətən, ciddi sual doğurur ki, necə olur ki, bir il ərzində bir universitetdə təhsil haqqı 400-600 manat qaldırılır? Bu, necə baş verir, nəyə əsasən təhsil haqqı qaldırılır? Həmin universitetdə müəllimin maaşı 400-500 manat qaldırılıbmı? Ümumiyyətlə, burada ciddi bir sistemsizlik və ciddi bir uyğunsuzluq var və hesab edirəm ki, bunlar ciddi formada aradan qaldırılmalıdır.
Ona görə də mən təklif edirəm ki, bu məsələ mütləq şəkildə Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilməlidir. Yəni əvvəl də belə idi. Əvvəlki dövrdə də bu proses belə tənzimlənirdi. Məsələ qaldırılırdı, araşdırılırdı, ondan sonra qərar verilirdi ki, təhsil haqqı bu qədər qaldırıla bilər. Tutaq ki, 100 manat, 200 manat. Amma birdən-birə təhsil haqqının qaldırılması valideynlər üçün də ciddi çətinliklər yaradır.
Təhsil haqqı ilə məsələ bitmir. Valideyn əlavə olaraq övladına ev tutmalıdır. Universitetlərin çoxunun yataqxanası yoxdur. Nəqliyyat xərci, yemək xərci var. Bunların hamısı tələbə və valideyn üçün ciddi bir məbləğ yaradır. Bu məbləğin bu şəkildə artırılması insanlar tərəfindən birmənalı qarşılanmır və ciddi suallar yaradır.
Hesab edirəm ki, bu kimi məqamlarda çox diqqətli olmaq lazımdır və bu kimi məsələlər universitetlərin öhdəsinə buraxılmamalıdır. Bu məsələlər belə formada tənzimlənməməlidir”.
Fidan Şahkərəmova