Son illər Azərbaycanda şagird və tələbələrin dərs yükü, hazırlıq kursları və imtahanlar ətrafında formalaşan təhsil mühiti onların yaradıcılıq qabiliyyətlərinə, tənqidi düşüncə vərdişlərinə və özünüifadə bacarıqlarına təsir göstərən əsas problemlərdən biri kimi müzakirə olunur.
Bu vəziyyət onların inkişafına necə təsir edir?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb.
O, qeyd edib ki, şagirdlərin daha çox ədəbiyyat nümunələri oxuması onların şəxsi inkişafına müsbət təsir göstərir:
"Əzbərçilik metodu, əlbəttə ki, şagirdlərin və tələbələrin tənqidi düşüncə formalaşdırma bacarıqlarına, ümumiyyətlə, düşünərək müvafiq qərarlar qəbul etmələrinə ciddi təsir göstərir. Bunun səbəbi isə odur ki, onlar əzbərləmə yolu ilə ya buraxılış imtahanına, ya da blok imtahanına hazırlaşırlar və verilən informasiyanı yalnız əzbərləməyə yönəlirlər.
Bu isə onların özlərini ifadə etməkdə çətinlik çəkməsinə səbəb olur və şəxsi inkişaflarına mənfi təsir göstərir. Buna görə biz düşünürük ki, tələbələr və xüsusilə yuxarı sinif şagirdləri daha çox ədəbiyyat nümunələri - romanlar, bədii əsərlər oxumalıdırlar. Bu, onlarda müəyyən fikir formalaşdıracaq və özlərini ifadə etməyə kömək edəcək. Eyni zamanda müvafiq tapşırıqlar da yerinə yetirilməlidir".
Təhsil müəssisələrində də buna imkan yaradılmalıdır ki, şagirdlər özlərini sərbəst şəkildə ifadə edə bilsinlər:
"Biz onların əzbərçilik əsasında öyrəndikləri biliklərin, məsələn, ali təhsil müəssisələrində müəyyən məşğələlər zamanı yetərincə tətbiq edilmədiyini, öz fikirlərini ifadə etməkdə çətinlik çəkdiklərini müşahidə edirik. Təbii ki, bütün bunların aradan qaldırılması üçün təhsil müəssisələri və müəllimlər şagirdlərin nitq inkişafını, düşünmə bacarıqlarını daha da artırmaq məqsədilə müəyyən praktik addımlar atmalıdırlar".