“Heç kim bir şagirdə “100% qəbul” zəmanəti verə bilməz”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib.

O qeyd edib ki, valideyn və şagird real təhsil dəstəyi ilə boş vədləri ayırd etməyi bacarmalıdır:
“Bu, nə etik baxımdan doğrudur, nə də realdır. İmtahan nəticəsi çoxsaylı amillərdən asılıdır: şagirdin hazırlıq səviyyəsi, psixoloji vəziyyəti, imtahan günü performansı və s. Ona görə də bu cür vədlər əslində ümid üzərindən qurulan manipulyasiyadır.
Burada ən həssas nöqtə valideynlərin və abituriyentlərin psixoloji vəziyyətidir. İmtahan ərəfəsində insan daha çox çıxış yolu axtarır və bəzən “son ümid” kimi qarşısına çıxan hər hansı vədə inanmağa meylli olur. Təəssüf ki, bəzi şəxslər də məhz bu həssaslıqdan istifadə edir.
Dünya təcrübəsində bu kimi hallara qarşı iki əsas yanaşma var: birincisi, hüquqi və inzibati nəzarət. Yəni özünü “təhsil eksperti” kimi təqdim edib insanları aldadan şəxslərə qarşı müəyyən məsuliyyət mexanizmləri tətbiq olunur. İkincisi isə maarifləndirmədir. Çünki ən güclü qoruma mexanizmi məlumatlı cəmiyyətdir. Valideyn və şagird bilməlidir ki, real təhsil dəstəyi nədir, boş vəd nədir”.
Uşaqların gələcəyi üzərindən riskli qərarlar vermək olmaz:
“Düzgün ekspert seçimi məsələsinə gəldikdə isə burada bir neçə sadə, amma çox vacib meyar var. Əvvəla, həmin şəxsin real pedaqoji təcrübəsi varmı? Yəni sinif görüb, şagirdlə işləyibmi? İkincisi, nəticələri necədir, amma bu nəticələr real və yoxlanıla biləndirmi? Üçüncüsü, istifadə etdiyi dil. Peşəkar müəllim heç vaxt “qarantiya verirəm” deməz, daha çox “dəstək olacam”, “potensialını maksimuma çatdırmaq üçün işləyəcəyik” kimi ifadələr istifadə edər.
Mən müəllim və valideyn mövqeyindən bir şeyi xüsusilə vurğulamaq istəyirəm: uşaqların gələcəyi üzərindən riskli qərarlar vermək olmaz. Qısa yoldan uğur vəd edən hər yanaşma adətən uzunmüddətli zərər gətirir. Əsl nəticə sistemli hazırlıq, düzgün istiqamət və psixoloji dəstəyin vəhdətindən yaranır.
Bu məsələdə həm valideynlərin, həm də cəmiyyətin bir az daha diqqətli olması vacibdir. Çünki bu cür manipulyasiyalar yalnız fərdi yox, ümumi təhsil mühitinə də zərər verir".