Bakı Mühəndislik Universitetinin (BMU) “Biznesin idarə edilməsi” ixtisasının məzunu Məhəbbət Əhmədli yüksək akademik göstəriciləri və beynəlxalq təcrübəsi ilə seçilərək dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
AzEdu.az xəbər verir ki, BMU məzunu ABŞ-nin Kolumbiya və Corctaun universitetlərinə, həmçinin Böyük Britaniyanın Edinburq Universitetinə və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul olub.
Məhəbbət Əhmədli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili almaq qərarı verib.
Məzunun bu uğuru onun yüksək akademik göstəricilərini, beynəlxalq təcrübəsini və liderlik potensialını əks etdirir.
Məhəbbət Əhmədli BMU-ya 658 balla qəbul olub və universiteti 96,33 orta göstərici ilə ixtisas birincisi kimi başa vurub.
Ali təhsilindən əvvəl ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində ABŞ-nin İndiana ştatında bir il orta məktəb təhsili alan Məhəbbət Əhmədli proqramı fərqlənmə ilə tamamlayıb.
BMU-da təhsil aldığı müddətdə isə ABŞ-nin Azərbaycandakı səfirliyində təcrübə proqramında iştirak edib və proqramı uğurla başa vurub.