Müasir təhsildə şagirdin akademik uğuru yalnız müəllimin fənn biliyi və ya dərs keçmə texnikası ilə ölçülmür. Keçmişdən fərqli olaraq, bu gün dərslərə qorxu və çəkinmə hissi ilə deyil, yalnız sevgi və qarşılıqlı hörmət zəminində effektiv yanaşmaq mümkündür. Müəllimin özünü və tədris etdiyi fənni sevdirməsi onun şagirdlərlə qurduğu doğru ünsiyyət strategiyasından birbaşa asılıdır.
Hətta fənnini çox yaxşı bilən pedaqoqlar həmin sevgini formalaşdıra bilmədikdə, bu şagirdin dərslərdən uzaqlaşmasına, hətta məktəbə qarşı həvəssizliyinə gətirib çıxarır.
Bəs, görəsən müəllim-şagird münasibətlərində doğru seçilmiş psixoloji və tədris metodları hansılardır?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Xəzri Muradov qeyd edib ki, müasir dövrdə şagirdlər müəllimi sevib qəbul etmirsə, təhsil nəticələri də zəifləyir:

O bildirib ki, psixologiyalar fərqli olduğundan şagirdlərə yanaşmada fərqli strategiyalar tətbiq olunmalıdır:
"Bu gün müəllimin fənnini və özünü şagirdə sevdirməsi sadəcə bilik ötürməklə məhdudlaşmır. Müəllimin ünsiyyət tərzi, motivasiya üsulu və şagirdə yanaşması əsas faktorlardandır. Əgər müəllim dərsində maraqlı metodlardan istifadə edir, şagirdin fikrinə dəyər verir və onunla dostcasına, amma məsuliyyətli münasibət qurursa, o zaman şagird həm müəllimi, həm də fənni sevir. Müəllim cəmiyyətin mayakıdır. Mayak gəmiləri doğru yola yönəltdiyi kimi müəllim də şagirdləri düzgün istiqamətləndirir . Bu, şagirdin dərsə münasibətini dəyişir, motivasiyasını artırır və nəticədə daha yüksək uğur əldə etməsinə səbəb olur".
Keçmişdə müəllim avtoritetini qorxu üzərində qururdu, şagirdlər isə çəkinirdi:
"Amma müasir dövrdə şagirdlər müəllimi sevib qəbul etmirsə, təhsil nəticələri də zəifləyir. Ona görə müəllim üçün ən doğru strategiya həm tələbkarlığı qoruyub saxlamaq, həm də şagirdlərlə pozitiv münasibət qurmaqdır. Çünki sevgi və hörmət üzərində qurulan təhsil daha davamlı və səmərəli olur.
Bütün şagirdlərə eyni yanaşmaq da olmur. Psixologiyalar fərqli olduğundan şagirdlərə yanaşmada fərqli üsullar tətbiq edilməlidir. Onlara yalnız fərd kimi deyil, həm də gələcəyimiz kimi yanaşmalıyıq",- deyə X.Muradov qeyd edib.