Azedu.az

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

Qəbul imtahanları

20 Avqust 2026, 14:28
İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

Dünəndən etibarən ixtisas seçimi yekunlaşıb.

Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il seçim prosesində hansı fərqliliklər oldu? Abituriyentlər və valideynlər artıq proseslər haqqında tam məlumatlıdırlarmı, yoxsa yenə də mütəxəssislərin yönləndirməsinə ehtiyac duyurlar? Həmçinin, valideynlərin övladlarının seçiminə münasibəti necədir, onlarda hər hansı təzyiq hiss olunurmu?

AzEdu.az-ın suallarını "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor Xəzri Muradov cavablandırıb. 

188183

O, qeyd edib ki, bəziləri üçün əsas məqsəd sadəcə Bakıda oxumaq və diplom sahibi olmaqdır:

"Ötən illə müqayisədə ixtisas seçimi prosesində ən müsbət dəyişikliklərdən biri valideynlərin yanaşmasında özünü göstərir. Artıq təxminən 80 faiz valideyn övladının seçiminə əvvəlki kimi müdaxilə etmir, onun istəyinə və qərarına hörmətlə yanaşır. Bu, çox vacib dəyişiklikdir. Çünki ixtisas seçimi valideynin deyil, ilk növbədə həmin ixtisas üzrə illərlə oxuyacaq və gələcəkdə o peşəni icra edəcək gəncin seçimidir.

Əlbəttə, hər abituriyent öz seçimini özü edə bilər. Amma seçim zamanı mütəxəssisə müraciət etməyin də böyük üstünlüyü var. Burada əsas məsələ sadəcə ixtisasları sıralamaq deyil, abituriyentin topladığı bala uyğun düzgün interval qurmaq, riskləri nəzərə almaq və onun gələcək perspektivini düşünməkdir. Təəssüf ki, bəzi hallarda bu xidmətin qiymətləri həddindən artıq şişirdilir. Halbuki düzgün yanaşma və təcrübə olduqda ixtisas seçiminin mahiyyətində əlçatmaz bir çətinlik yoxdur.

Mən özüm də kodlaşdırma prosesində iştirak edən müəllim kimi düşünürəm ki, yaxşı mütəxəssis yalnız abituriyentin yerinə seçim edən insan deyil. Əsl mütəxəssis əvvəlcə şagirdin fikrini dinləməli, onun marağını anlamalı, daha sonra isə həmin seçimə peşəkar baxış gətirməlidir. Çünki abituriyentlərin bir qismi hələ də qərarlarını daha çox hissləri ilə verirlər. Bəziləri üçün əsas məqsəd sadəcə Bakıda oxumaq və diplom sahibi olmaqdır. Amma diplom gələcəyin özü deyil".

Şagirdə izah etmək lazımdır ki, “bu ixtisası seçirəm” deməklə iş bitmir:

"Əsas sual bundan sonra başlayır: Bu ixtisasla hansı sahədə işləyəcəyəm? Əmək bazarında perspektivi necədir? Beş-on ildən sonra bu peşəyə ehtiyac olacaqmı? Özümü həmin sahədə görə bilirəmmi?

Məncə, belə məqamlarda abituriyentin əvəzinə düşünmək yox, onunla birlikdə düşünmək lazımdır. Çünki gələcəyi haqqında qərar verən gəncə hazır cavab verməkdənsə, düzgün suallar vermək daha faydalıdır. Necə deyərlər, “məsləhətli don gen olar”.

Bu il də əsas məqsədimiz abituriyentləri yalnız universitetə yerləşdirmək deyil, onları gələcəyi olan ixtisaslara yönəltmək olub. Bir çox seçimlərdə şəxsən müdaxilə edib şagirdlərlə söhbət apararaq daha perspektivli istiqamətləri izah etmişik. Çalışmışıq ki, onlar bu günün deyil, sabahın seçimini etsinlər. Çünki bizim üçün nəticə sadəcə “tələbə oldu” xəbəri deyil; əsas odur ki, illər sonra öz peşəsində uğurlu, savadlı və ölkəsinə fayda verən bir mütəxəssis olsun.

Əvvəlki illərlə müqayisədə qruplar üzrə ümumi mənzərədə ciddi dəyişiklik müşahidə olunmadı. Yenə III qrupda ballar yüksək oldu. Bunun əsas səbəblərindən biri həmin qrupu seçən abituriyentlərin yüksək bal toplamaq potensialının daha çox olmasıdır. Digər qruplarda da nəticələr ümumilikdə ürəkaçan idi. Ən çox sevinənlər isə yenə II qrupun abituriyentləri oldu".

Valideynlərin universitet seçiminə münasibətində də maraqlı dəyişiklik var:

"Əvvəllər bir çox valideyn övladının özəl universitetdə oxumasına tərəddüdlə yanaşırdı. İndi isə bu düşüncə tədricən dəyişir. Valideynlər daha yaxşı anlayırlar ki, universitetin adı qədər, hətta bəzən ondan da vacib olan tələbənin öz potensialı, çalışqanlığı və özünü inkişaf etdirməsidir. Güclü tələbə harada oxumasından asılı olmayaraq özünə gələcək qura bilər.

Ümumilikdə, ixtisas seçimi prosesi normal və kifayət qədər aktiv keçdi. Əlbəttə, yenə tərəddüd edən, son anda fikrini dəyişən abituriyentlər oldu. Bu da təbiidir. 17-18 yaşında bir gəncdən həyatının ən mühüm qərarlarından birini tam dəqiqliklə verməsini gözləmək asan deyil. Elə buna görə də bu mərhələdə onların yanında olmaq, onları dinləmək və düzgün istiqamət göstərmək vacibdir.

Bizim məqsədimiz sadəcə şagirdləri universitetə göndərmək deyil. İstəyirik ki, onlar sabah peşəsini sevən, savadına güvənən, öz ayaqları üzərində dayanan və ən əsası, vətəninə, millətinə fayda verən insanlar olsunlar. Çünki nə qədər çox savadlı və düzgün istiqamətlənmiş gənc yetişdirsək, ölkəmizin gələcəyi də bir o qədər işıqlı olacaq".

Elçibəy davası pik həddə çatdı - Nemət Pənahlıdan şok açıqlamalar
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox